Reklam: High Technic
hightechnic

“ABŞ-ın hansısa ölkəyə qarşı sanksiyaları beynəlxalq öhdəlik yaratmır, lakin...” – Politoloq

“Nəhəng şirkətlər Amerika bazarını itirməmək üçün bu ölkənin iradəsinə qarşı çıxmırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın İrana və digər ölkələrə qarşı tətbiq etdiyi sanksiyaların hər hansı beynəlxalq öhdəlik yaradıb-yaratmadığını şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-ın nəzərdə tutulan sanksiyalarına əməl edən şirkətlər öz maraqlarını nəzərə almaq məcburiyyətindədirlər:

“Birbaşa qeyd olunmalıdır ki, ABŞ-ın hansısa ölkəyə, şirkətə və ya şəxsə qarşı tətbiq etdiyi sanksiyalar heç bir beynəlxalq hüquqi öhdəlik yaratmır. Yəni ABŞ-ın bu qərarı heç bir ölkə, yaxud da şirkət üçün məcburi xarakter daşımır.

Bununla belə, dünyanın əsas şirkətləri ABŞ-ın məsələn, İrana qarşı sanksiyalarının tələblərinə əməl etmək məcburiyyətindədirlər. Bunun da ciddi səbəbləri var.

Nəzərə almaq lazımdır ki, qlobal şirkətlər həmin sanksiyaların tətbiqindən sonra seçim etməli olurlar: ya İran bazarı, ya da Amerika. Təbii ki, kommersiya maraqlarını əsas götürən şirkətlər daha böyük olan Amerika bazarını seçirlər. Burada sözsüz ki, ABŞ-ın qəzəbinə gəlməmək qorxusu da var.

Ancaq bəzi şirkətlər var ki, onlar bu sanksiyalara baxmayaraq, İran, Çin və Rusiyada fəaliyyətlərini dayandırmaq istəmirlər. Bu da onunla əlaqədardır ki, həmin şirkətlərin əsas fəaliyyətləri bu ölkələrlə bağlıdır və onlar ABŞ-ın sanksiyalarına qoşulmurlar. Bütün hallarda çıxarılar diqqətlə hesablanır və bundan sonra qərar verilir.

Lakin yenə deyirəm, ABŞ-ın tətbiq etdiyi sanksiyalar qeyd-şərtsiz qəbul edilməli olan öhdəlik yaratmır”.

A.Zeynalov

www.yenicag.az

1368