!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alim öldü, aləmin xəbəri olmadı - Aqil Bəkir yazır

!Reklam – Yazi

77 yaşlı professor Fazil Qaraoğlunun günlərdir kirayə pulunu ödəmədiyi üçün evdən çıxarılması və küçədə qalması ilə bağlı xəbər ölkə gündəminə bomba kimi düşmədi. Çünki bu xəbərlər ictimailəşəndə cəmiyyətin başı başqa şeylərə qarışmışdı. İkincisi, toplum üçün alim maraqlı deyil. O zaman maraqlı ola bilər ki, alim nəsə “şuluq” iş görsün.

3 il öncə “Aqil ilə daş daşı, alimə də ver aşı” başlıqlı yazını yazanda da Azərbaycan alimlərinin, elmlə məşğul olan şəxslərin gününün-güzəranın nə yerdə olduğuna diqqət çəkmişdim. Bəli, elmimizin dayaqları “bayram payı”na möhtac vəziyyətdə idilər və indi də elədir.

Fazil Qaraoğlunun durumu barədə yazarkən vəziyyətin daha da pisləşdiyini qeyd etməliyəm. Azərbaycanda elmlə məşğul olmanın sonunun timsalıdır Fazil Qaraoğlu.

Cəmiyyətin marağı “manıs”lara olduğu üçün, televiziya kanalları səhərdən axşama kimi insanların ailə-məişət problemlərini, müğənnilərin “həci”lərini, silikonlarını təbliğ etdiyi üçün və ən əsası, mədəni deformasiyanın artıq “sürüşmə”yə keçidi baş verdiyi üçün bu gün Azərbaycan insanı üçün elm və alim maraqlı deyil.

Hansısa aparıcının həyat yoldaşının çimərlik geyimindəki şəkli hələ də müzakirə edildiyi halda, ölkədə elmi-mədəni hadisələr kütləviləşmir, uzağı, bir-iki nəfərin ötəri marağı halına gəlir. Əlbəttə, yuxarıda qeyd etdiyim səbəblər siyahıya başçılıq edir, lakin elm və mədəniyyət sahəsində geniş təbliğatın qısıtlı çevrələr ətrafında dövr etməsi (bu da təbliğat yox, dost məclisi olur), eyni mühitə bağlılığın adət halını alması və elmin populyarlaşdırılması ilə bağlı addımların atılmaması problemin sistem tərəfini təşkil edir.

***

Hazırda Türkiyədə doktorantura təhsili alıram və buradan mənə, elmimə və biliyimə, həqiqətən, dəyər veriləcək ölkələrə üz tutmaq niyyətimlə mübarizə aparıram, çünki içimdə bir həsrət və vətənə xidmət amalı da yox deyil. Ancaq bu kimi hadisələrin şahidi olduqda, Azərbaycanda çox sevdiyim müəllimlərimin vəziyyətlərini gördükdə sonumu kitablara sığınmış bədbəxt və evsiz, məşhur filmdə deyildiyi kimi, “kəllə dolu, cibi boş” görürəm. Nəticədə qeyd etdiyim mübarizə ikincinin məğlubiyyəti yönündə irəliləyir.

***

Bu yazını da 3 il əvvəlki yazıdakı şeirlə bitirmək istəyirəm:

Dilən, professor, utanma, dilən
Dillən, professor, utanma, dillən,
Qoy sənin yerinə zaman utansın,
Səni bu günlərə salan utansın,
Qırılan ağac yox,tufan utansın,
Vurulan turac yox, vuran utansın. (Famil Mehdi)

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv