!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimlərimiz belə münasibətə layiq deyillər - Aqil Bəkir yazır

!Reklam – Yazi

Ölkədə hər çıxışından sonra müzakirələrin fitilini atəşləyən vəzifəli şəxslərdən biri də elm və təhsil naziri Emin Əmrullayevdir.

Əmrullayev bəzən özünütənqid edir, çatışmazlıqları dilə gətirir, bəzən jurnalistlərə ədalətdən danışır, çox vaxt isə elə də ciddi olmayan görkəmində rişxənd açıq-aydın sezilir. Etiraf edək ki, bir nazirin davamlı olaraq mətbuat konfransları keçirməsi, problemlərdən danışması, mediaya açıq olması yaxşı haldır. Fəqət cəmiyyət olaraq problemləri dilə gətirməkdən daha çox, onların həll edilməsini gözləyirik.

Ötən gün Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı təşkil olunub və Emin Əmrullayev konfransda çıxış edib, statistik məlumatları paylaşıb.

Nazirin çıxışlarından ən geniş yayılanı isə 469 müəllimin sertifikasiyada “anbar”, “şənbə” və “pambıq” sözlərinin düzgün yazılışını müəyyənləşdirə bilməməsi ilə bağlı dedikləri oldu.

Verilmiş rəqəmlər durumun acınacaqlı olduğunu gözlər önünə sərməklə yanaşı, problemin kökünə enməyimizi də labüd edir. Emin Əmrullayevin paylaşdığı rəqəmlər indi də müzakirə edilir və nazirin çıxışına reaksiya o yerə gəlib çatıb ki, müəllimləri savadsızlıqla suçlamağa başlayıblar.

Əvvəlki yazılarımda bir neçə dəfə qeyd etmişəm və bir daha təkrarlamaq istəyirəm ki, mən də ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimiyəm, lakin ixtisasım üzrə çalışmamışam və bunun səbəbi də təhsil sistemindəki çatışmazlıqlardır. Müəllim kimi sinfə daxil olub sərbəst şəkildə şagirdlərə lazımi bilikləri ötürə bilməyəcəmsə, buna şərait yoxdursa və ya yaradılmırsa, hər addımda tənbeh olunacamsa, sınağa çəkiləcəmsə, təkcə savadım yuxarıları qane etməyəcəksə, nə üçün müəllim kimi çalışmalıyam?

Əgər Elm və Təhsil Nazirliyi özünə bağlı universiteti bitirib aldığım diploma şübhə ilə yanaşırsa və məni yenidən sınağa çəkmək istəyirsə, mən nə üçün həmin quruma tabe olmalı, bərbərliyi başımda öyrənməsinə izn verməliyəm? Guya nə qədər maaş verirlər ki, üstəlik, hər addımbaşı imtahana çəkirlər?

Müəllim onsuz da bilmir, keçim dərdini çəksin, imtahana hazırlaşsın, test tərtib etsin… Bu gün məktəblərin müasir standratlara cavab verən texnologiyalarla təmin edildiyi söylənilir. Haradadır axı o məktəblər? Müəllimlər özləri ciblərindən pul qoyaraq vərəq alır, test tərtib edir. Sən əgər məktəbləri Allahın bir vərəqi ilə təmin edə bilmirsənsə, müəllim aldığı qəpik-quruşu da məktəbdə qoyub evinə gəlirsə, mən nə üçün müəllim işləməliyəm?!

Bax bütün bunlara görə mövcud şəraitdə müəllim kimi çalışanlara xüsusi hörmətlə yanaşılmalıdır.

Bu, problemin bir tərəfi.

İkinci. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ilk dəfə riyaziyyat müəllimi ixtisası üzrə keçid balının hüquqşünaslıq ixtisası üzrə keçid balından daha yüksək olduğunu bildirib. Belə də olmalıdır. Ümumiyyətlə, müəllimlik ixtisaslarında keçid balları qaldırılmalı, bununla da “Heç yerə düşə bilmərəm birdən, qoy müəllimlik yazım” düşüncəsilə 200-300 balla bu ixtisası seçənlərin önünü kəsmək lazımdır.

Yoxsa bütün universitetlər “müəllim istehsalı” ilə məşğul olsa, işimiz işdir ki. Türklərin bir sözü var, ipini qoparan bura gəlir. Müəllimlikdə də belə bir hal yaranıb.

İbtidai sinif müəllimi “anbar”, “şənbə” və “pambıq” sözlərini yaza bilmirsə, bir günah ondadır, digəri sistemdə. Niyə keçid balını minimum edib imtahanda uğur qazanmamış şəxsləri universitetlərdə boş yer qalmasın deyə ali məktəbə qəbul edirsiniz ki, sonra da belə savadsızlıq nümayiş etdirənlərə görə bütün müəllimlər zərbə altında qalır?

Bəli, bir müəllim üçün bu sözlərin düzgün yazılışını bilməmək, eyibdir, utancdır. Lakin müvafiq qurumlara da bu utancdan pay düşməlidir.

Hər zaman dediyim kimi, təhsil sistemində ciddi islahat və geriyə dönməyə ehtiyac var.

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv