“Azərbaycan yalnız təzminat məsələsi ilə kifayətlənməməlidir” – Politoloqdan TƏKLİF

“Xocalı hava limanının açılması və azərbaycanlıların Xankəndinə qayıtmaları məsələsi də diqqətdən kənarda qalmamalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın işğal dönəmində Qarabağa vurduğu maddi ziyanın həcmi və buna uyğun təzminatın ödənilməsi haqda danışan politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycanın bu məsələdə beynəlxalq dəstək ala bilməsi üçün ölkə daxilində geniş ictimai müzakirələr aparılmalıdır:

“Qarabağın işğaldan azad edilmiş bütün bölgələrində yaşayış məntəqələrinin ekspertizası aparılır və nəticələr dəyərləndirildikdən sonra dəyən zərərin ümumi miqdarı müəyyənləşdiriləcək. Bu prosesdə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də iştirak edirlər.

Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə bu məsələyə toxunub. Doğrudan da, bu məsələnin cəmiyyətdə müzakirəsini genişləndirməyə ehtiyac var. Həm də yalnız təzminat məsələsi ilə kifayətlənmək olmaz.

Eyni zamanda, Xocalı hava limanının açılması və azərbaycanlıların Xankəndinə qayıtmaları məsələsi də diqqətdən kənarda qalmamalıdır. Bunlara davamlı reaksiya olmalıdır ki, beynəlxalq ictimai rəyin formalaşmasına təsir göstərə bilək”.

Səxavət Məmməd