!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, dəhşətli rəqəmdir, dünyanı gözləyən aqibətin ilk carçısıdır” – Natiq Cəfərli

!Reklam – Yazi

“Hazırda baş verənlər pulla həll olunacaq məsələ deyil, yəni real sektor çökmə nöqtəsinə gəlib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri dünyanı bürümüş koronavirus pandemiyasının iqtisadi təsirlərini dəyərləndirən ekspert Natiq Cəfərli bildirib.

Natiq Cəfərliyə görə, bu gün koronavirus pandemiyası fonunda baş verən neqativ proseslər dünya iqtisadiyyatına çox böyük qalıcı zərbələr vurur:

“Bir çox təhlilçilər bu gün baş verən prosesləri 2008-ci ilin maliyyə-iqtisadi böhranı ilə müqayisə edirlər. Amma bu, çox səhv yanaşmadı. 2008-ci ildə baş verən hadisə maliyyə böhranı idi, yəni, maliyyə bazarlarını xilas etmək tələb olunurdu.

Bu gün baş verənlər isə real sektorun böhranıdır. 2008-ci ildə ABŞ və digər dünya liderləri cəmi 1 ilə irihəcmli təşviq proqramları ilə dünya iqtisadiyyatını xilas etdilər. Nəticədə artıq 2009-cu il yazın sonunda maliyyə bazarları özünə gəldi.

Ən pisi də odur ki, FED, Avropa İttifaqı, Çin, Yaponiya əllərində olan bütün “silahları” dərhal masaya düzdülər – yəni, bundan çox nəsə etmək mümkün deyil. ABŞ-da FED və hökumət altı trilyon dollar dəyərində olan təşviq planını açıqladı, Avropa İttifaqı ölkələri və digər dövlətlərin də birgə təşviq zərfləri altı trilyon dollardan çoxdur. Toplamda bu gün banklara, birjalara, bazarlara on iki trilyon dollar səpilib.

Nə Mərkəzi banklar, nə də hökumətlər bundan sonra dünya iqtisadiyyatına əlavə pul səpmək imkanında deyillər. Belə böyük təşviq rəqəmlərinə baxmayaraq, birjalar özünə gəlmir, eniş davam edir”.

Natiq Cəfərli vurğulayıb ki, tək xidmət sahəsi deyil, qeyri-ərzaq istehsalı və istehlakı da çöküb, satışlar dayanma nöqtəsinə gəlib:

“Bu iki önəmli sahə (istehsaldan başlayaraq satışa qədər) dünya Ümumi Daxili Məhsulunun lokomotivi, iş potensialı yaradan ən önəmli sahələrdir. Ölkələr göydən pul səpsələr də, real sektorda olan böhran bununla düzəlmir.

Ona görə əvvəldə qeyd etdim ki, 2008-ci il və indiki böhran arasında fundamental fərq var. Dünən dünyada ilk olaraq məhz Sinqapur 1-ci rübün iqtisadi rəqəmlərini açıqladı. Ölkə ÜDM-i ilin ilk 3 ayında 10,6% çöküb, mənfiyə gedib. Dəhşətli rəqəmdir, dünyanı gözləyən aqibətin ilk carçısıdır”.

Gülşən Şərif

www.yenicag.az

1146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv