!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Casusluq, fahişəlik, qrup seks...” – Putin danışığını niyə itirib?

!Reklam – Yazi

“Bütün bunlar onun dərin psixoloji gərginlik içində olmasının göstəricisidir”.

hikmet

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin son çıxışlarında vulqar ifadələrdən istifadə etməsinin səbəblərindən danışan Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə deyib.

Rusiya prezidenti Vladimir Putinin son publik çıxışlarında istifadə etdiyi leksikon geniş müzakirə mövzusuna çevrilib. Putinin xüsusilə, bir neçə gün əvvəl baş tutan Valday Forumunda səsləndirdiyi bayağı və qeyri-ciddi fikirlər isə Kreml sahibini sözün tam mənasında hədəfə gətirib. Dünyanın aparıcı nəşrləri, o cümlədən Rusiyanın müstəqil mediası Putinin dövlət başçıları üçün xarakterik olmayan leksikonunu müzakirə etməkdədirlər.

Putinin bu kontekstdə diqqət mərkəzinə düşməsinə səbəb olmuş ifadələrindən cəmi 2 nümunə göstərmək yetərlidir: 1. “Casusluq da fahişəlik kimi dünyanın ən vacib peşələrindən biridir”. 2. “Bəziləri deyirlər ki, qrup seks individual seksdən daha yaxşıdır”. Maraqlıdır, dünyanın super güclərindən biri olmaq iddiasından əl çəkməyən Rusiya prezidenti danışığını niyə itirib?

Hikmət Hacızadənin sözlərinə görə, Vladimir Putinin leksikonundakı bu dəyişiklik ilk növbədə Rusiyanın üzləşdiyi beynəlxalq sanksiyaların təsirinin güclənməsi ilə bağlıdır:
“Bəli, Putinin son çıxışlarında dövlət başçıları üçün yolverilməz sayılan ifadələrə, fikirlərə əl atması intensivləşib. Putin artıq az qala hər çıxışında nə isə bir “quş” buraxır.

Bu, əlbəttə ki, səbəbsiz deyil. Mənim fikrimcə, Putini bu cür danışmağa məcbur edən səbəb onun dərin psixoloji gərginlik içində olmasıdır. Həmin gərginlik isə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsirinin günbəgün artmasıdır.

Moskvadakı dostlarımla danışanda onlar deyirlər ki, vəziyyət gün-gündən pisləşir, biznes çökür, banklar çətin vəziyyətdədir və sair. Sanksiyalar isə getdikcə sərtləşir və Rusiyanın durumu daha da ağırlaşır.

Putin prezident olaraq real vəziyyəti görür və çıxış yolunun olmaması onu gərginləşdirir, aqressivləşdirir. Belə olduqda isə öz sözlərini seçə bilmir, nə gəldi danışır.

Digər tərəfdən, Putin bunu məqsədli şəkildə də edə bilər. Yəni bununla Rusiya əhalisinə göstərmək istəyər ki, vəziyyət heç də pis deyil, görürsüz, vecimə almıram…

Ancaq bütün hallarda dövlət başçısı olmaq çox çətin, ağır işdir. Rusiyanın durumunda olan ölkəyə rəhbərlik etmək isə beşqat çətindir. Amma bir iş də var ki, belə vəziyyətin yaranması elə Putinin öz günahıdır”.

A.Zeynalov

www.yenicag.az

3556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv