!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlətin gələcəyinə qoyulan YATIRIM: Təhsilin inkişafı ilə bağlı hansı işlər görülür? - TƏHLİL

!Reklam – Yazi

Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkənin gələcəyi savadlı gənclərə bağlı olduğundan onlara mükəmməl təhsil vermək də dövlətin əsas vəzifələrindəndir.

Bu fonda 2022-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb. Həmin xərclərin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə, 2 milyard 90 milyon 153 min 867 manatı ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatı orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatı ali təhsilə, 3 milyon 937 min 523 manatı əlavə təhsilə, 7 milyon 15 min 701 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195 milyon 256 min 291 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarında effektli nəticə almaq üçün müasir dövrün standartlarını tətbiq etmək vacibdir:

“2009-cu ildən orta məktəblərdə kurikulum sistemi, ali məktəblərdə isə bolonya sistemi tətbiq olunmağa başlayıb. Bolonya və kurikulum sistemlərində çatışmazlıqlar bu sahədə təkmilləşdirmə işlərinin aparılmasını tələb edir. Təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var ki, onlar işə cəlb olunmalı və təhsil sahəsində dövlətdən alınan qrantlar effektiv formada xərclənməlidir. Ümumilikdə, ölkəmizdə Finlandiya və ya Sinqapur təhsil modeli tətbiq olunsa, müsbət nəticə verə bilər. Təsirli proqramların istifadə olunmasını təmin etmək üçün müəyyən komissiyalar yenilikləri öyrənməli və tətbiqi üzərində çalışmalıdır”.

Ekspert onu da vurğulayıb ki, xüsusi pedoqoji ixtisasa malik kadrların hazırlanmasına və onların bir neçə il təcrübə keçməsinə imkan yaratmaq lazımdır:

“Azərbaycan Dövlət Pedoqoji Universiteti ABŞ-nin müəyyən universitetləri ilə əməkdaşlıq edir. Universitet onların bilik və təcrübələrinin tətbiq olunmasına çalışsa da, bu, kifayət etmir. Biz pedoqoji sahə üzrə təhsil alanların bu təcrübələrdən yararlanmasını təmin etməliyik. Yaxşı olar ki, Təhsil Nazirliyi və universitetlər bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirsinlər və təhsilimiz üçün düzgün proqramların tətbiq olunmasına çalışsınlar”.

Ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun ölkədə təhsilin inkişafı istiqamətində atdığı addımları şərh edən təhsil eksperti Adil Vəliyev isə saytımıza açıqlamasında qeyd edib ki, son dövrdə təhsil sektoruna göstərilən diqqət “Təhsil millətin gələcəyidir” ifadəsinin sözdə deyil, həm də əməldə olmasının əsas göstəricisidir:

“Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təhsil sahəsini daim diqqət mərkəzində saxlayırlar. Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasəti birbaşa elmin və bacarıqlı kadrların yetişdirilməsinə hesablanıb. Təsadüfi deyil ki, təhsillə bağlı hansısa bir problem yaşandığı zaman dövlət başçısı məsələnin yerindəcə həll edilməsilə bağlı tapşırıq verir.

Həmçinin o da qeyd edilməlidir ki, təhsil sahəsində həyata keçirilən dövlət proqramları Azərbaycanın dünya təhsil sisteminə inteqrasiyası, bacarıqlı kadrların hazırlanması, onların əmək bazarına cəlb edilməsi kimi mühüm məsələləri özündə əks etdirir. Həyata keçirilən proqramlar gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına şərait yaradır. Son olaraq prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixində imzaladığı sərəncamla təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” bunun bariz nümunəsidir.

Sərəncamda qeyd olunur ki, ölkə başçısının 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafının müasir və güclü təhsilə arxalanmasına, məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılmasına dair müddəaları ölkədə insan kapitalının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Buna görə də ötən dövrdə ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə əsas prioritet istiqamətlərdən biri hesab edilmiş və bu istiqamətdə təşəbbüslər dövlət tərəfindən dəstəklənmişdir”.

Ekspert, həmçinin onu da vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarda yeni məktəblərin istifadəyə verilməsi də gələcəyə, gəncliyə olan uğurlu yatırımdan xəbər verir. Adil Vəliyev uşaq evləri, qocalar evlərinə Mehriban Əliyevanın xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb, mövcud vəziyyətdə təhsilə olan dövlət qayğısının inkişaf baxımından çox böyük gələcək vəd etdiyini bildirib”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

930
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv