!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Osmanlı İmperiyası ən yaxşı əsgərlərini Bakıya göndərməklə...” – Türkiyə səfiri - Video

!Reklam – Yazi

Türkiyənin Azərbaycandakı səfirliyi Türk Şəhidliyində Qafqaz İslam Ordusunun 99 il əvvəl Bakını rus-erməni işğalından azad etməsinin 99-cu ildönümü münasibətilə tədbir təşkil edib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın dövlət himni və Türkiyənin Milli Marşının canlı ifası ilə başlayan mərasimə hər iki ölkədən tanınmış ziyalılar qatılıblar.

Daha sonra kürsüyə dəvət olunan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Şəhidliyin Xatirə Kitabına yazdığı qeydlərini səsləndirib:

“Qafqaz İslam Ordusunun qəhrəman əsgərləri, əziz şəhidlər! 99 il əvvəl göstərdiyiniz qəhrəmanlıq və fədakarlığınızın nəticəsi olaraq, bu gün müstəqil Azərbaycan Cümhuriyyətində sizlərin mənəvi hüzuruna toplaşmışıq.

Sizlərin açdığı yolda hər zaman daha da irəli gedəcək Türkiyə-Azərbaycan qardaşlığını bütün məsələlərin fövqündə saxlayacağıq.

Əziz xatirəniz qarşısında hörmətlə baş əyirik. Ruhlarınız şad olsun!”

Daha sonra çıxışa başlayan Erkan Özoral Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsini Azərbaycanın gələcəyi baxımından həyati əhəmiyyətli hadisə kimi dəyərləndirib:

“Bu gün Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 99-cü ildönümüdür. 99 il əvvəl Azərbaycana daxil olan Qafqaz İslam Ordusunun sıraları buradakı qardaşlarımızın hesabına genişlənərək, sayları 20 minə yüksəlib.

O dövr üçün 12-14 minlik əsgər sayı çox əhəmiyyətli rəqəmdir. Professor Metin Ayişığının məlumatına görə, 1918-ci ilin əvvəlində Osmanlı İmperiyası ordusu 1,5 milyon əsgərdən ibarət idi. Ancaq bu rəqəm sadəcə, kağız üzərində qalıb və reallıqda fərarilik edərək, döyüşdən qaçmayan əsgərlərin sayı 70 minə qədər olub.

O 70 minlik əsgərin 12-14 mininin seçilərək, bu torpaqlara göndərilməsi sözsüz ki, çox mənalı addımdır. Osmanlı İmperiyasının ölüm-dirim mübarizəsi apardığı bir vaxtda ən yaxşı əsgərlərini Azərbaycana göndərməsi bizim nəzərimizdə tarixi bir dərsdir.

Sentyabrın 15-də Türk Şəhidliyini ziyarətə gələnlərin sayının ildən-ilə artacağından əminəm. Bu gün buraya gəldiyiniz üçün sizlərə bir daha təşəkkür edir və Bakının qurtuluşu həm Azərbaycana, həm də Türkiyəyə xeyirli-uğurlu olsun, deyirəm”.

Çıxışdan sonra iştirakçılar Türk Şəhidliyi və Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlarına gül dəstələri və əklillər qoyublar.

 

www.yenicag.az

2055
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv