Reklam: High Technic
hightechnic

Putin, Ərdoğan və Ruhani İdlibin taleyini həll edirlər: Türkiyə hücuma razılıq verəcək?

Rusiya, Türkiyə və İran prezidentlərinin bu gün Tehranda keçiriləcək görüşündə Suriyanın gələcəyinə dair mühüm qərarların veriləcəyi gözlənilir.

Yenicag.az xəbər verir ki, BBC-nin məlumatına görə, Vladimir Putin (Rusiya), Rəcəb Tayyib Ərdoğan (Türkiyə) və Həsən Ruhaninin Tehran danışıqlarında ən dramatik məqam Suriyanın İdlib bölgəsinin gələcəyi olacaq.

Məlumata görə, Rusiya, İran və Bəşər Əsəd qüvvələrinin Suriya müxalifətinin nəzarətində olan İdlib bölgəsinə hücumuna hazırlıq görülsə də, Türkiyə bunun əleyhinə çıxır.

Artıq iki həftədir ki, Əsəd qüvvələrinin Fərat çayının qərbində yerləşən İdlib bölgəsinə hücumunun istənilən an başlaya biləcəyi haqda xəbərlər yayılır. Ancaq əməliyyatın başlamamasının əsas səbəblərindən biri Türkiyənin bu əməliyyata qarşı çıxmasıdır.

İdlib vilayəti Suriyanın şimal-qərbində, Türkiyə ilə sərhəddə yerləşir. Rusiya, Türkiyə və İran arasında 2017-ci ilin sentyabrında əldə olunmuş razılığa əsasən, İdlib Suriyada Əsəd əleyhdarlarının ailələri ilə birlikdə məskunlaşa biləcəkləri 4 deskalasiya zonasından biri elan edilib, oradan təhlükəsizliyin qarantı məhz Ankara sayılır.

Vətəndaş müharibəsinin lap əvvəlindən müxalifətin nəzarətinə keçən İdlibdən fərqli olaraq, yerdə qalan 3 deskalasiya zonası artıq Əsəd qüvvələrinin əlinə keçib.

Türkiyə ilə yanaşı, Qərb dövlətləri də İdlibə hücum planının əleyhinə çıxırlar. Onlar başlayacaq qanlı toqquşmaların bölgədə humanitar fəlakətə səbəb olacağını bildirirlər.

www.yenicag.az

420