!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəflət yuxusunda yaxalanan İsrail və mikrosavaş nümunəsi göstərən HƏMAS – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Dünya uzun müddətdir, İsraillə Fələstin arasında miqyaslı qanlı toqquşmaların şahidi olmurdu. Hətta ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bundan ilhamlanaraq “Yaxın Şərq regionu son 20 ildə olmadığı qədər sabitdir” məzmunlu açıqlama da vermişdi.

HƏMAS-ın İsrailə son hücumundan əvvəl Türkiyə Suriyada hava əməliyyatı həyata keçirirdi. Eyni zamanda, İsrail də Suriyadakı bəzi məntəqələrə aviazərbələr endirmişdi. Yəni dünyanın diqqəti haradasa Qarabağdan Suriyaya yönəlmişdi. Bu fonda uzanan Ukrayna-Rusiya müharibəsi isə heç kimə maraqlı görünmürdü. Belə bir məqamda HƏMAS-ın İsrailə hücum edəcəyini proqnozlaşdırmaq asan deyildi. Görünən odur ki, heç İsrailin adlı-sanlı MOSSAD-ı da bu barədə öncədən informasiya əldə edə bilməyib.

Yeni hücumun baş verdiyi gün İsraildə festivallar keçirilirdi. İsrail tərəfinin informasiyasız qalmasnın bir səbəbi də Fələstinlə sərhəddə divar hörərkən orada süni intellektin yerləşdirlməsi və Fələstin ərazilərinə məhz onun vasitəsilə nəzarət edilməsi idi. Əslində, hücuma qədər süni inttellekt istənilən nəticəni verirdi. Bu yanıldıcı duruma arxayınlığa görə İsrail qəflət yuxusunda yaxalandı. Bu hücumdan sonra çıxarılacaq dərslərdən biri də ənənəvi kəşfiyyat üsulundan imtina etməyin doğru olmamasıdır. HƏMAS aylar öncə də İsrailə kütləvi raket zərbələri endirmişdi. O zaman məlum oldu ki, İsrailin “Dəmir Gümbəz” hava hücumundan müdafiə sistemi nisbətən aşağı yüksəklikdən uçan raketlərin doluyabənzər axını qarşısında effektiv deyil. Ümumiyyətlə, hava hücumundan müdafiə silahlarının ən böyük bəlası hücumun intensivliyidir. Kütləvi hücumlar qarşısında ən müasir müdafiə silahları belə aciz qalır. Həmin hücumdan sonra HƏMAS heç bir aktivlik göstərmədi. İsrail tərəfi isə müəyyən etdiyi obyektlərlə zərbələr endirməklə kifayətləndi. İndi anlaşılır ki, HƏMAS-ın ilk hücumu sadəcə, “test” imiş. HƏMAS anladı ki, “Dəmir Gümbəz”i kütləvi raket zərbələri ilə “ofsayd”a sala bilər. Bununla da, HƏMAS eyni vaxtda İsrail ərazisinə həm raket zərbələri endirdi, həm də piyada qüvvələrini hərəkətə keçirdi. HƏMAS-ın ani hücumu o qədər kompakt və dəqiq hesablanmışdı ki, İsrail ordusu və güc strukturları xeyli müddət iflic vəziyyətində qaldı. İsrailin bir neçə hərbi bazası sayılı saatlar ərzində HƏMAS tərəfindən ələ keçirildi, çox sayda yüksək rütbəli zabiti isə ya öldürüldü, ya da əsir götürüldü.

Hazırda MOSSAD İsraildə əsas tənqid hədəfinə çevrilən strukturdur. HƏMAS-ın bu miqyasda əməliyyat planından xəbərsiz qalmağı təbii ki sorğulanmalıdır. Ancaq məsələ sadəcə, MOSSAD-la da yekunlaşmır. Hərbi kəşfiyyatın da fəaliyyətsizliyi İsraili gördüyümüz ağır vəziyyətə saldı. Burada HƏMAS-ın hücum hazırlığına da xüsusi diqqət yetirmək lazımdır. Göründüyü qədər, HƏMAS bu əməliyyatın hazırlığına aylar, bəlkə də illər öncədən başlayıb. İsrail kimi müasir hərbi texnologiyaya malik bir ölkəyə hücum planlamaq və onun məxfiliyini son ana qədər qoruya bilmək böyük işdir. Əslində, HƏMAS bununla göstərdi ki, az sayda qüvvə ilə böyük əməliyyat həyata keçirmək mümkündür.

Baş verənlər İŞİD-in ilk vaxtlarını xatırladır. “İslam dövləti”nin mobil qruplarla hücumu zamanı nizami ordu çaş-baş qalırdı. Dolayısı ilə ölkələrin müdafiə sahəsində çalışanlar HƏMAS və İŞİD-in hücum strategiyasını ciddi şəkildə incələməlidir. Son illərdə Ukrayna-Rusiya müharibəsini kənara qoysaq, bütün savaşlar klassik strategiya və taktika “qəlib”indən çıxıb. İsrail HƏMAS-ın hücumunda İranı günahlandırır. ABŞ isə rəsmi olaraq bildirir ki, İranla bağlı əllərində heç bir fakt yoxdur. Yəni HƏMAS ABŞ kəşfiyyatını da yuxuya verib.

Hesab edirəm ki, bundan sonra istər ABŞ, istərsə də İsrail öz kəşfiyyat qurumlarının fəaliyyətinə ciddi əl gəzdirməli olacaq. Tərəflərin informasiya müharibəsinə gəldikdə isə həm İsrailin, həm də Fələstinin bu sahədə son dərəcə peşəkar olduğu vurğulanmalıdır. Bu “savaş”da İsrail mülki obyektlərin vurulmasını, terroru ön plana çəkir, Fələstin tərəfi isə uşaq ölümlərini. Hətta informasiya müharibəsi elə şiddətlə gedir ki, əgər paralel şəkildə hər iki tərəfin informasiyasına baxmasan, mütləq şəkildə birinin təsirinə düşəcəksən. Hesab edirəm ki, İsrail HƏMAS-ın daxil olduğu yaşayış məntəqələrini yenidən geri qaytaracaq, hətta Qəzza zolağını ağır şəkildə cəzalandıracaq.

Ötən yazılarımda bir neçə dəfə qeyd etmişdim ki, Ukrayna-Rusiya savaşı istənilən effekti vermədiyindən, başqa müharibə ocaqlarına ehtiyac olacaq. Ona görə də proseslərin bu zəmində davam edəcəyi gözləniləndir. Hətta ehtimal edilməyən bölgələrdə də münaqişələrin baş verəcəyi istisna deyil. Belə getsə, sürətlə silahlanmaya gedən dünya Üçüncü müharibəni görmədən sakitləşməyəcək…

Səxavət Məmməd

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv