Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Tehran-2018: Putin, Ərdoğan və Ruhani necə anlaşdılar? - Ekspertlərin rəyi

Rusiya, Türkiyə və İran prezidentlərinin ötən gün Tehranda baş tutan görüşünü müxtəlif aspektlərdən qiymətləndirirlər.

Yenicag.az xəbər verir ki, Vladimir Putin (Rusiya), Rəcəb Tayyib Ərdoğan (Türkiyə) və Həsən Ruhaninin (İran) sentyabrın 7-də Tehranda keçirilmiş görüşündə Suriya müxalifətinin nəzarətində olan İdlib bölgəsində yaranmış vəziyyət əsas müzakirə mövzusu olub.

İdlibin çox böyük strateji əhəmiyyət daşıması bu bölgəyə nəzarət uğrunda ABŞ, Türkiyə, Rusiya və İran arasında hərbi-diplomatik mübarizəni daha da gərginləşdirib.

Prezidentlərin müzakirələrdən sonra təşkil olunmuş birgə mətbuat konfransında səsləndirdikləri fikirlər Tehran görüşünün nəticəsiz bitməsi haqda qənaətlərin yaranmasına səbəb olub. Xüsusilə, İdlibə hücum niyyətinin qəti əleyhinə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi dövlət başçıları arasında anlaşmanın əldə olunmaması kimi qiymətləndirilib.

Prezidentlərin Tehran görüşünün nəticələrini Yenicag.ru-ya şərh edən ekspertlər də diqqəti əsasən, bu məqama yönəldiblər.

Azərbaycanlı politoloq Arzu Nağıyev:

“Məlum olduğu kimi, prezidentlərin Tehran görüşündə əsasən, İdlib bölgəsindəki vəziyyət müzakirə olunub. Bu da təbiidir. Çünki İdlib Suriya müharibəsinə cəlb olunmuş dövlətlərin siyasi, iqtisadi və hərbi maraqları, həmçinin nəzarətlərində olan qruplaşmalar baxımından, savaşın son hüdudu və kulminasiya nöqtəsidir.

Hazırda İdlibdə “Cəbahat-ən-Nüsra”, İŞİD və Azad Suriya Ordusu yerləşir. Azad Suriya Ordusu Türkiyənin nəzarətindədir və Türkiyə ordusunun bu ölkədə həyata keçirdiyi bütün əməliyyatlarda iştirak edib. Türkiyənin əsas qayğısı bundan ibarətdir ki, Azad Suriya Ordusu zərba altında qalmasın və təhlükəsiz şəkildə İdlibdən çıxa bilsin.

Mən hesab etmirəm ki, Türkiyə böyük dövlətlərin toqquşma meydanına çevrilmiş İdlibi öz nəzarətinə götürmək niyyətindədir. Unutmayaq ki, İdlibdə özünün ən hazırlıqlı donanmasını bölgəyə gətirən, bütün Yaxın Şərqdə güclü hərbi bazaları olan ABŞ-ın, o cümlədən də İranın özlərinə görə maraqları və onlara tabe olan hərbi qruplaşmaları var. Bu səbəbdən də, indiki situasiyada İdlib üzərində tam nəzarəti təmin etmək mümkün deyil.

Rusiya isə Suriyadakı ümumi vəziyyəti nəzarətində saxlamağa cəhd göstərir və İdlibin Əsəd rejiminin nəzarətinə keçməsinə çalışır. Ancaq ABŞ Rusiya və Əsədə İdlibi nəzarətə götürməyə imkan verməyəcək. ABŞ “Cəbahat-ən-Nüsra” qruplaşmasını dəstəkləyir və imkan verməz ki, müxalifətin sonuncu “qala”sı süqut etsin”.

Ukraynalı ekspert Aleksandr Xara:

“Görünür, İdlibə hücum planı Ərdoğanı Suriyadan Türkiyəyə yeni qaçqın axını baxımından çox narahat edir. Ərdoğanın bu çərçivədə humanitar məqamları önə çəkməsi görünür, Moskva ilə Tehranı çox da maraqlandırmır. Bu isə Türkiyə prezidentinə ABŞ-la konstruktiv münasibətlərin bərpasına yönəlik siqnal sayıla bilər. Rusiya, İran və Bəşər Əsəd rejimi İdlib üzərində nəzarətin bərpa edilməsi naminə istənilən miqyaslı qırğınlara hazırdırlar.

Onu da deyim ki, üsyançılar və onların ailələri İdlib bölgəsinə məhz Rusiyanın nəzarətində olan dəhliz vasitəsilə keçərək, əvvəldən qurulmuş tələyə düşüblər. “Qəssablar” isə qanlı əməllərini davam etdirməyə çalışırlar”.

Gürcüstanlı politoloq Gela Vasadze:

“Dünən baş tutan Tehran görüşündə prezidentlər bir-birilərinə qarşı səmimi görünməyə cəhd etsələr də, onlar ayrı-ayrılıqda müxtəlif məqamları önə çəkdilər. Daha doğrusu, Ərdoğan bir, Putin və Ruhani isə başqa məsələlərdən danışırdılar. Putinin dediyi fikirlərdən ən maraqlısı bu idi ki, “Biz sülhə tərəfdarıq, ancaq terrorçuları zərbə altından çıxarmaq lazım deyil”. Elə həmin “uşaqlar” Hmeymimdəki Rusiya və Hələbdəki İran bazalarına müntəzəm hücum təşkil edirlər. Bu da təsadüfi deyil. Məncə, Putinin bu eyhamı da Ərdoğana ünvanlanmışdı: “Biz özümüzkülərə toxunmamağı razılaşdırmışdıq, bu anlaşma terrorçulara şamil olunmur”.

Ərdoğan açıq şəkildə dedi ki, Əsədi İdlibə hücum niyyətindən çəkindirmək lazımdır. O, buna daha çox humanitar prizmadan yanaşır. Həqiqətən də, Türkiyəyə Suriyadan üç milyon yarım qaçqın gəlib, indi isə İdlib məsələsi ortaya çıxıb. Oradan qaçan əhali hara üz tutacaq? Əlbəttə ki Türkiyəyə. Ərdoğan təklif edir ki, terrorçular silahı yerə qoyaraq, dinc həyata qayıtsınlar, yəni öz cinahlarını dəyişsinlər. ABŞ belə bir variantla razılaşsa da, Rusiya və İran buna qarşı çıxır.

Yeri gəlmişkən, prezidentlərdən yalnız Ruhani kürdləri nəzərdə tutaraq, Fərat çayının şərq sahilini unutmamağa, o əraziləri də təmizləməyə çağırdı. Ancaq o ərazidə ABŞ-ın kürdləri dəstəkləməsi vəziyyəti qəlizləşdirir. Yeri gəlmişkən, ABŞ tərəflərə xəbərdarlıq edib ki, əgər onun Homsdakı Ət-Tanf bazasına hücum olarsa, buna çox ağır cavab veriləcək.

Görünən budur ki, prezidentlər Tehranda razılığa gəliblər, ancaq hərəsi öz bildiyi kimi. Problem isə bundadır ki, qərar verənlərin sayı üç, hətta dörd olsa da, İdlib bir dənədir”.

Rusiyalı ekspert Kamran Həsənov:

“Birinci və daha real görünən variant bundan ibarətdir ki, Türkiyənin radikalları və “Həyat-Təhrir əş-Şam” qruplaşmasını sülhə razı olan konstruktiv qruplardan ayırmasını gözləmək lazım gələcək. Bundan sonra Rusiya, İranyönümlü qüvvələr və Əsəd İdlib üzərinə hücuma keçmək üçün kart-blanş qazanırlar. Ancaq Türkiyəyə bağlı qüvvələrin, o cümlədən türkmanların nəzarətində olan ərazilərə hələ ki toxunulmayacaq.

İkinci ssenari. Türkiyə İdlibə qarşı hücum əməliyyatına qarşı kəskin müqavimət göstərir. Ancaq Rusiya, Əsəd qüvvələri və onların müttəfiqləri Ankaranın mövqeyinə əhəmiyyət verməyərək, İdlibi ələ keçirirlər – Şərqi Hələb və Şərqi Qutada olduğu kimi. Bundan sonra Əsəd ölkədə öz mövqeyini xeyli möhkəmləndirir. Bundan qəzəblənən Türkiyə öz sərhədləri vasitəsilə üsyançılara hərtərəfli dəstək verir və regionda gərginliyi artırır. Rusiyanın Türkiyə ilə qarşıdurmaya getməsi NATO daxilində birliyi təmin edir və Moskvaya qətiyyən sərf eləmir.

Üçüncü variant. Rusiya İdlibə hücum planına müvəqqəti pauza verir və problemin həlli üçün diplomatik imkanları işə salır. Ancaq bu pauza yenidən toparlanmağa imkan tapan terrorçuların işinə yaraya bilər. Bu halda onların Suriyadakı Rusiya bazalarına və Əsəd qüvvəllərinə hücumları intensivləşəcək”.

Hazırladı Qafqaz Ömərov

www.yenicag.az

488
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS