Bu gün qulaqlıq istifadə etməyən şəxsə nadir rast gəlinir. Artıq insanların çoxu gündəlik həyatı qulaqlıqlarsız təsəvvür edə bilmir. Bəs qulaqlıqların nə kimi ziyanları var?
Yenicag.az bununla bağlı burun, boğaz, baş və boyun cərrahiyyəsi uzmanı Elnur Əkbərovun məqaləsini təqdim edir:
Haradasa 25 il öncə şəhərdə öz-özü ilə danışan bir adama birtəhər baxardılar. İndi isə hər addımbaşı qulaqcıqda musiqi dinləyən, özbaşına danışıb gülən, blutuzlu qulaqcığı olan telefonla danışan “tineycer”ə rast gəlirik.
Qulaqcıqlar da hər tinbaşı, istənilən marketdə, metro çıxışında belə satılır. Bir manat ödə, nə qədər ürəyin istəyir dinlə. Gənclərin çoxu məhz musiqi dinləyir, bəzi insanlar xarici dil öyrənir, kimsə seriala baxır və dinləyir, kimsə də radiodan və audio formatında olan dərs vəsaitindən yararlanır. Heç musiqini dinləmək istəməsən belə, metronun, nəqliyyatın, şəhərin səs-küyündənsə, qulaqcığı taxıb istədiyinə qulaq asa bilərsən. Bir sözlə, qulaqcıq həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Qulaqcıqlardan mütəmadi və ya yanlış istifadə sağlamlığımıza zərər vurur daha dəqiq desəm eşitmə zəifliyinə gətirib çıxardır. Sağlamlığa daha çox ziyanı məhz daxili və ya vakuumlu qulaqcıqlar yetirir. Onlar kənar səs axınının qarşısını tam alır, səs şiddətini qulaq pərdəsinə yönəldirlər. Belə tip qulaqcıqdan istifadə 3-5 ilə insanda eşitmə qabiliyyətinin patoloji dəyişikliyinə yol aça bilər. Qulaqcıqdan gündə maksimum 1.5-2 saat yararlanmaq olar. Gecə yatağa girib qulaqcıqla yatmaq adətini birdəfəlik unutmaq gərəkdir. Qulaq kanalına girməyən qulaqcıqlara üstünlük vermək məsləhətdir.
Sağlamlığa dəyən zərərlə yanaşı qulaqcıq həm də insanları bir-birindən təcrid edən bir vasitədir. Kimsə daha digəri ilə ünsiyyət qurmaq istəmir, ya telefonla oynayır, ya da musiqi dinləyir.
Qulağı qulaqcıqdan qoruyaq gərək. Bunu mən dəqiq bilirəm, çünki həkim praktikamda qulaqcıqdan istifadə edib eşitmə qabiliyyəti zəifləyən onlarla insanı müalicə etmişəm. Hamıya da məsləhətim bu olub: saatlarla qulaqcıqda gəzib sağlamlığa zərər vurmaqdan çəkinin. Arada fasilə də yaxşıdır.
Hər bir işi qaydasında görün, onsuz da həyatımız asan deyil. Bir günün ləzzətinə görə sabah ala biləcəyiniz həzzi qurban verməyin./e-tibb.az/
www.yenicag.az