1 trilyon dollarlıq BÖYÜK SAZİŞ – “Hər iki tərəf üçün faydalı olsa da, əsas qazanan ABŞ oldu”
“Qətər varlı bir ölkə olsa da, kiçik dövlət olduğundan regional sabitliyi və təhlükəsizliyini təmin etmək üçün ABŞ-nin dəstəyinə ehtiyac duyur”.
Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O, ABŞ və Qətər arasında imzalanan 1.2 trilyon dollar civarında iqtisadi dövriyyəyə dair sazişinin əsas məqsədi barəsində fikirlərini səsləndirib.
Onun sözlərinə görə, bir neçə sahə üzrə imzalanan müqavilələr mühüm sayılır:
“Artıq bəzi layihələr həyata keçirilməyə başlanılıb. Məsələn, Qətər ABŞ-dən 96 milyard dollar dəyərində 210 ədəd təyyarə alıb. Bu, Amerikada təxminən 154 min nəfərlik iş imkanının açılmasına səbəb olacaq. Proses davam etdikcə, bu say daha da arta bilər.
Bundan əlavə, müdafiə və təhlükəsizlik sahəsində də bir sıra müqavilələr imzalanıb. Bu müqavilələrə əsasən, ABŞ-nin bir neçə hərbi və müdafiə sənayesi şirkəti Qətərə silah və hərbi texnika satacaq. Enerji sahəsində isə böyük müqavilələr bağlanıb, onların dəyəri təxminən 97 milyard dollardır. Eyni zamanda, mühəndislik və infrastruktur layihələri sahəsində də böyük razılaşmalar əldə olunub”.
İqtisadçı diqqətə çatdırıb ki, texnologiya və innovasiya sahəsində əhəmiyyətli əməkdaşlıqlar qurulub:
“Bundan başqa, 400 milyard dollar dəyərində lüks təyyarələrin istehsalına dair razılaşmalar da mövcuddur. Ümumilikdə, ondan çox sahəni əhatə edən böyük müqavilələr imzalanıb. Bu müqavilələr Amerikanın iqtisadi və geosiyasi maraqlarına birbaşa uyğundur. Müqavilələrdə iştirak edən enerji, infrastruktur, müdafiə, texnologiya və aviasiya sahəsindəki şirkətlərin hamısı ABŞ şirkətləridir. Bu sahələr ABŞ iqtisadiyyatı üçün milyardlarla dəyərində gəlir və yüz minlərlə iş yeri deməkdir”.
“ABŞ bu razılaşmalardan əvvəl də Qətərə müəyyən təzyiqlər göstərib və öz siyasi-hərbi gücündən istifadə edib. Qətər isə hərçənd varlı bir ölkə olsa da, kiçik dövlət olduğundan regional sabitliyi və təhlükəsizliyini təmin etmək üçün ABŞ-nin dəstəyinə ehtiyac duyur. Beləliklə, bu razılaşmalar hər iki tərəf üçün faydalı olsa da, əsas qazanan tərəf ABŞ oldu – həm iqtisadi, həm də strateji baxımdan”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli