"Sədr fəaliyyətimə başlamışam" - AĞAMALI GERİ ÇƏKİLMİR
“Sədr fəaliyyətimə başlamışam”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Ana Vətən” partiyasının üzvü, qurultay qalmaqalı ilə yadda qalan eks-deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı bildirib.
Ata Ağamalı razılaşmasa da partiyanın sədri seçildiyini açıqlayan E. Ağamalı sədr fəaliyyətinə artıq başladığını bildirib:
“Qurultay şənbə gününə düşdüyünə görə bazar günü sənədləşmə işlərini qaydasına salmışıq. Bu gün sənədləri yekunlaşdırırıq. Hüquqi prosedurların həyata keçirilməsi üçün hazırlıqlarımızı görməkdəyik. Ədliyyə Nazirliyinə protokol və digər sənədləri təqdim etdikdən sonra digər texniki təşkilatı məsələlərlə məşğul olacağıq. Partiya sədri kimi fəaliyyətimiz başlayıb. Rayon təşkilatları ilə, mətbuatla, partiyanın digər funksionerləri ilə əlaqədəyik.”
Elçin Ağamalı F. Ağamalının sədrlikdən getmək istəməməsi halda hansı addımları atacağına da aydınlıq gətirib:
“Belə məsələləri mərhələli şəkildə həll edəcəyik. Məsələnin hüquqi müstəvidən daha çox oturub danışaraq, ümumi razılığa gəlib həll olunmasına biz daha çox üstünlük veririk”.
O atası ilə sədrlik məsələsində görüşüb razılığa gəlinməsi məsələsi ilə bağlı deyib ki, danışıqlara açıqdır:
“Həmişə oturub danışaraq məsələnin hüquqi müstəvidə yox, danışaraq razılaşma yolu ilə həll olunmasının tərəfdarıyam”.
Nurlan Cəfəri












