ABŞ və Çin GERİ ADDIM ATDILAR – 2049-cu il üçün HAZIRLIQ GÖRÜLÜR
“ABŞ və Çin arasında qarşılıqlı şəkildə tətbiq olunan gömrük rüsumlarının əsas səbəbi, əslində, bu iki super güc arasındakı diplomatik münasibətlərin bir təzahürü idi.
ABŞ, xüsusilə Tramp dövründə Çin lideri Si Cinpinlə birbaşa əlaqə qurmaq və iki ölkə arasındakı gərginliyi ticarət razılaşmasına çevirmək istəyirdi. Çünki ABŞ-nin 36 trilyon dollara çatan böyük bir borcu var və bu borcun ödənməsi real görünmür. Eyni zamanda, ABŞ ilə Çin arasındakı iqtisadi fərq tədricən artırdı”.
Bunu Yenicag.az-a açqılamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.
Analitik Cenevrədə ABŞ və Çin arasında imzalanan 90 günlük gömrük rüsumlarının endirilməsi ilə bağlı olan sazişə münasibət bildirib.
Onun sözlərinə görə, Tramp bu fərqi minimuma endirmək üçün qəbul olunması çətin olsa da, gömrük divarları ilə Çinə mesaj verməyə çalışır və əlaqələri bilərəkdən gərginləşdirərək böhranı dərinləşdirmək istəyirdi:
“Çin də bu mesajı zamanla aldı və nəticədə, xüsusilə Asiya-Sakit okean regionunda baş verə biləcək bir müharibənin qarşısını almaq üçün iqtisadi əlaqələrin tənzimlənməsi ilə yeni və daha dinc bir dövrün başlaya biləcəyi görünür. Bu yeni mərhələdə Çinin 2030-cu ildə iqtisadi, 2049-cu ildə isə hərbi sahədə üstünlük əldə etməsinin qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində irəli sürdüyü layihələrdə iştirak edən ölkələr hazırda çevrilişlər və ciddi siyasi böhranlarla üzləşirlər. Son olaraq Hindistan və Pakistan arasında yaşanan münaqişə də bu kontekstdə qiymətləndirilə bilər”.
H. İnaçın fikrincə, bu prizmasından baxıldıqda, Çin qısa müddətə də olsa, ABŞ-nin hegemonluğunu qəbul edərək bir qədər geri planda qalmağa üstünlük verir və yaranmış böhranı qarşılıqlı şəkildə idarə etməyə çalışır:
“Hazırkı mərhələdə nə Çin, nə də ABŞ bir-birini tam gücü ilə hərbi və iqtisadi baxımdan sıxışdıracaq vəziyyətdə deyil. Xüsusilə Ukrayna-Rusiya müharibəsinin bitməsi, Qəzzada soyqırımın dayandırılması və Yaxın Şərqdə yeni bir siyasi düzənin qurulması ilə birlikdə bu keçid dövründə qarşılıqlı anlaşmaya əsaslanan bir dialoq mühiti formalaşdırılmağa çalışılır. Mən bu mərhələdə hər iki tərəfin müəyyən qədər geri addım atdığını və bu münaqişənin uzun müddət davam etməyəcəyini düşünürəm”.
“Çünki nə Çin, nə də Amerika daxilində güclü və sabit siyasi hakimiyyətə sahib deyillər. Hər iki tərəf daxilində müəyyən zəifliklər mövcuddur. Bu səbəbdən onlar daxili məsələlərə fokuslanaraq sosial və idarəetmə problemlərini həll etməyə, bir-birlərinə isə müəyyən vaxt tanımağa çalışırlar. Bu baxımdan yaxın perspektivdə ABŞ ilə Çin arasında iqtisadi və ya hərbi qarşıdurma olmayacağını rahatlıqla söyləmək olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov