“Ötən dövrlərdə tələbat hər il təxminən 4-5 milyon barrel artırdısa, indi artım sürəti nisbətən azalıb”.
Bu fikirləri alternativ enerjinin inkişafının neft istehlakına təsirini dəyərləndirən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, dünyada neftə olan tələbat ötən illərlə müqayisədə çox da sürətlə artmır.
“Dünyada bərpa olunan enerjinin inkişafı, xüsusilə də daxili yanma mühərriki ilə çalışan avtomobillərdən elektromobillərə keçid gələcəkdə neftə olan tələbatın tədricən azalmasına səbəb ola bilər. Amma neft-kimya sahəsində, üzvi kimyada və digər sahələrdə neftə olan tələbat artır.
Ümmümdünya Enerji Agentliyinin və OPEK-in hesablamalarına görə, neftin istehlakı nəinki azalmayacaq, hətta 2040-50-ci illərə qədər tələbat indiki səviyyədən təqribən 10 faiz artıq olacaq.
Hazırda dünyada neft istehlakı gündəlik 100 milyon barrel civarındadır. 2040-cı ildə isə bu rəqəm 110 milyon barrelə qalxacaq. Lakin əsas problem odur ki, neftə olan tələbat əvvəlki illərdə olduğu kimi surətlə artmır. Ötən dövrlərdə tələbat hər il təxminən 4-5 milyon barrel artırdısa, indi artım sürəti azalıb.
Digər vacib məqam isə neftə olan münasibətin dəyişməsidir. Ötən əsrin 90-cı illərində neft tükənən nemət sayılırdı. İndi isə məlum olub ki, dünyada hələ kəşf və istifadə olunmamış milyardlara barrel həcmində neft yataqları var.
Bunun özü də neftin önəminə təsir göstərən amilə çevrilir. Ümmümikildə alternativ enerjinin inkişaf etdirilməsi neft istehlakına təsir göstərsə də, neft üçün katastrofik sayılacaq səviyyədə deyil. Yəni neft dünya iqtisadiyyatında öz əhəmiyyətini hələ uzun müddət qoruyub saxlayacaq”.
Nuray Məmmədzadə
www.yenicag.az