Ankara kartları AÇIQ OYNAYIR – Türkiyənin regional gücü artıq özünü BÜRUZƏ VERİR
Müasir beynəlxalq sistemdə güc mərkəzləri yenidən formalaşır. Bu dəyişikliklərin əsas oyunçularından biri isə şübhəsiz ki, Türkiyədir. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində son illərdə yürüdülən çoxşaxəli və praqmatik siyasət Ankaranı təkcə regional deyil, qlobal səviyyədə də təsir gücünə malik strateji aktora çevirib.
Ərdoğanın “milli birlik və təhlükəsizlik” konsepsiyası çərçivəsində apardığı ardıcıl hərbi və hüquqi mübarizə, xüsusilə PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar və qruplaşmanın özünü buraxması ilə müşayiət olundu. Bu proses daxili sabitliyi gücləndirməklə yanaşı, regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına da təkan verir. ABŞ prezidenti Donald Trampın Ərdoğanın təzyiqlərindən sonra Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etməsi isə Türkiyənin artıq qlobal qərar proseslərinə təsir edən aktor kimi qəbul edildiyini sübut etdi.
Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyənin vasitəçilik təşəbbüsləri beynəlxalq diplomatiyanın uğurlu nümunəsinə çevrildi. Rusiya və Ukrayna nümayəndələrinin İstanbulda bir araya gətirilməsi Türkiyənin neytral, lakin prinsipial mövqeyi və etibarlı tərəfdaş imici ilə izah olunur. Bu siyasət yalnız geosiyasi müstəvidə deyil, mədəni və dini dialoq platforması rolunda da öz əksini tapır. Roma Papasının Türkiyəyə səfər istəyi də Ankaranın Qərblə Şərq arasında ideoloji körpü funksiyasını uğurla yerinə yetirdiyini göstərir.
Türkiyənin xarici siyasətində yalnız diplomatiya deyil, eyni zamanda, hərbi-strateji komponentlər də aktiv şəkildə işləkdir. Liviyada Abdel Hamid Dbeybənin hakimiyyətə gəlməsində Ankaranın rolunun həlledici olması bu nüfuzun konkret nəticələr doğurduğunu nümayiş etdirir. Eyni zamanda, Türkiyənin Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətindəki səyləri HƏMAS tərəfindən açıq şəkildə təqdir olunur. Pakistanın Ankaraya regional əməkdaşlığa görə təşəkkürü isə Türkiyənin İslam dünyasında artan çəkisini əyani şəkildə təsdiqləyir.
Ərdoğanın “ümmət siyasəti” tənqidçilərin düşündüyü kimi yalnız populist ritorika deyil, konkret nəticələr doğuran aktiv diplomatiya və praqmatik yanaşmalar toplusudur. Bu siyasət Türkiyəni həm NATO üzvü, həm İslam dünyasında lider, həm də Avrasiya platformalarında təsirli oyunçu kimi çıxış etməyə imkan verir. Odur ki, bugünkü Türkiyə sadəcə regional oyunçu deyil, müstəqil xarici siyasət yürüdən, öz milli maraqlarına söykənən, diplomatik çeviklik və hərbi-siyasi ağırlıqla beynəlxalq münasibətləri formalaşdıran güc mərkəzidir. Ərdoğanın liderliyində Ankara yalnız regionun deyil, bütövlükdə dünyanın danışılan gücünə çevrilməkdədir.
Rafi Müslümov