Bakı-Moskva xəttində inamsızlığın ZİRVƏSİ: Əliyevin parada getməməsinin SƏBƏBLƏRİ NƏDİR?

media-hightechnic-468x90

 

Azərbaycan Prezidenti İlham Əliyevin 9 May Qələbə paradında iştirak etməməsi artıq son günlər baş verən hadisələr fonunda anlaşılan bir qərar idi. Yəni bu, daha geniş geosiyasi çərçivədə rəsmi Bakının Rusiya ilə münasibətlərdə formalaşdırmağa başladığı yeni davranış modelinin konkret təzahürüdür.

Nəzərə çatdıraq ki, son aylarda Bakı-Moskva xəttində səssiz şəkildə dərinləşən etimad böhranı artıq diplomatik jestlərə də sirayət edir. Prezidentin hərbi paraddan kənarda qalması da, əslində, Azərbaycan-Rusiya münasibətlərində yaranmış strateji soyuqluğun rəmzinə çevrilib.

İlk olaraq, 2023-cü ilin dekabrında Rusiya ərazisində baş vermiş və AZAL-a məxsus sərnişin təyyarəsinin qəzası məsələsi hələ də qaranlıq olaraq qalır. Yəni nə istintaq nəticələri açıqlanıb, nə də bu hadisəyə görə məsuliyyət daşıyan şəxslər müəyyənləşdirilib. Bu susqunluq isə Bakının gözləntilərinə zidd olaraq, Moskvanın biganə münasibətini ortaya qoyur.

Bundan əlavə, Azərbaycan mediası son dövrlərdə kiberhücumların hədəfinə çevrilib və təhlükəsizlik orqanlarının açıqladığı məlumatlara əsasən, bu hücumların mənşəyi Rusiya ərazisindəki strukturlara bağlanır. Hibrid təhdidlər kontekstində bu cür kibertəxribatlar təkcə informasiyaya deyil, həmçinin ikitərəfli münasibətlərə də yönəlmiş təzyiq vasitəsi kimi qiymətləndirilir.

Üçüncü ziddiyyətli məqam isə Azərbaycan parlamentinin üzvü Azər Badamovun heç bir hüquqi əsas olmadan Rusiyaya girişinə qadağa qoyulması və onun ölkədən deportasiya edilməsidir. Əlbəttə ki, Moskvanın bu hadisəyə dair açıqlama verməməsi Azərbaycanın siyasi elitasında narahatlıq və narazılıq doğurub.

Bütün bu faktorlar rəsmi Bakının səbir limitini tükəndirib. Moskva ilə münasibətlərdə “status-kvo”nu qorumaq xatirinə edilən güzəştlərin artıq nəticə vermədiyi qənaəti güclənib. Prezident İlham Əliyevin Qələbə paradına qatılmaması da bu inamsızlıq mühitinin diplomatik ifadəsidir.

Görünən odur ki, Bakı Moskva ilə münasibətləri yalnız protokol çərçivəsində davam etdirməklə kifayətlənməyəcək. Həm daxili auditoriya, həm də beynəlxalq tərəfdaşlar üçün bu qərar aydın mesaj daşıyır: Azərbaycan öz maraqlarını təhlükə altına qoyan münasibətlər formatından uzaqlaşmaq niyyətindədir. Uzunmüddətli perspektivdə bu gərginlik açıq qarşıdurma səviyyəsinə çatmasa da, ikitərəfli münasibətlərdə inamın ciddi şəkildə sarsıldığı reallığı dəyişmir. Rusiya tərəfinin məsələləri “unudulmuş hesab etmək” meyli isə münasibətləri normallaşdırmaqdan daha çox onları dondurur.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600