BAP sədri: “Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yerə malik böyük siyasi xadimdir”
“Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yerə malik böyük siyasi xadimdir. Bu gün dünyada da Heydər Əliyev böyük siyasətçi kimi qəbul olunur”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı. Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.
O, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan uğrunda keçdiyi həyat yolundan danışıb.
Deputat bildirib ki, Heydər Əliyevin fəaliyyət dövrünü iki əsas mərhələyə ayırmaq olar:
Birinci dövr – Sovet İttifaqı dövrüdür ki, Heydər Əliyev SSRİ tərkibində olan Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsində çalışıb və bu qurumun ilk azərbaycanlı sədri olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilib və 1982-ci ilə qədər ölkəyə rəhbərlik edib. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlib. Bu, azərbaycanlılar və ümumilikdə müsəlman respublikaları üçün misilsiz bir uğur idi, çünki belə yüksək vəzifəyə ilk dəfə müsəlman təyin edilirdi.
SSRİ miqyasında mühüm layihələrin, o cümlədən BAM (Baykal–Amur Magistralı) tikintisinin həyata keçirilməsində Heydər Əliyevin mühüm rolu olub. 1982-ci ildən 1987-ci ilə qədər Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb, lakin Mixail Qorbaçov və digərlərinin təzyiqləri ilə istefaya məcbur edilib”.
BAP sədri Ulu öndərin müstəqillik dövründəki misilsiz fəaliyyətindən də söz açıb:
“Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyev böyük çətinliklə Moskvadan Azərbaycana dönə bildi. O, Moskvada təzyiq altında yaşayır, ölkəsinə qayıtmağa icazə verilmirdi. Həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr də onun qayıdışını istəmir, qarşısını almağa çalışırdılar. Buna baxmayaraq, Heydər Əliyev Naxçıvanda Ali Sovetin deputatı və daha sonra Məclisin sədri seçilmiş, eyni zamanda, Azərbaycan parlamentinin də üzvü olub. Onun ikinci hakimiyyət dövrü isə 1993-cü ildən vəfat etdiyi 2003-cü ilə qədər olan dövrü əhatə edir. Bu mərhələ Azərbaycanın müstəqilliyini möhkəmləndirmək baxımından həlledici olmuşdur”.
E. Musayev diqqətə çatdırıb ki, Heydər Əliyev ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə olduğu bir zamanda hakimiyyətə gəldi:
“Ermənilər və onları dəstəkləyən qüvvələr Azərbaycan ərazilərini işğal edirdi. O, həm siyasi, həm də hərbi baxımdan ölkəni xilas etdi, dövlət rəhbərinin nümunəvi davranışlarını göstərdi. Məsələn, bir dəfə iştirak etdiyi tədbirdə siqaret çəkənləri gördükdə, bunu qadağan edərək dövlət mədəniyyətinin əsaslarını nümayiş etdirmişdi. Eyni zamanda, Azərbaycanın şimalında və cənubunda baş verən qiyamların, çevriliş cəhdlərinin və sui-qəsdlərin qarşısını aldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinə yol açdı. Neft və qaz boru kəmərlərinin çəkilməsi strateji baxımdan mühüm bir addım idi. Bu, ölkəyə böyük maliyyə imkanları yaratdı”.
“1995-ci il noyabrın 12-də yeni Konstitusiya qəbul edildi. Bu sənəd Azərbaycanın hüquqi dövlət quruculuğunda əsas rol oynadı. Heydər Əliyev ömrünün sonuna qədər müstəqil Azərbaycan dövlətinin suverenliyini qorudu, iqtisadi və hərbi sahələrdə güclənməsinə nail oldu. Nəticə olaraq qeyd edilməlidir ki, Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yerə malik böyük siyasi xadimdir. Bu gün dünyada da Heydər Əliyev böyük siyasətçi kimi qəbul olunur”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli