“Bir torumuz var, o da türk birliyidir” – Sabir Rüstəmxanlıdan Almatıda TARİXİ ÇIXIŞ
“Təzədən tora düşmək olmaz. Rusiyanın torunda 200-300 il qaldıq. Bundan sonra bizim bir torumuz və bir birliyimiz var, o da türk birliyidir. Yerdə qalan hər şey əfsanədir. Bunu yaddan çıxarmaq olmaz”.
Yenicag.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcması birgə təşkilatçılığı ilə Almatıda keçirilən “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu”nda çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.
O, çıxışı zamanı yaşadığı üç epizodu iştirakçılarla bölüşüb.
“Birincisi, 1986-cı ildə Moskvada, Mərkəzi Ədəbiyyatçılar Evində baş verdi. Qəfildən köhnə qazax dostum, gənc filosof Rüstəmlə rastlaşdım. Restoranda məni doğma bilib qucaqladı, üzünü orada oturanlara tutub rusca dedi: “Sabir, bu əclaflar bizim xalqımızı öldürüblər”. Orada olanlardan bir nəfər belə səsini çıxarmadı. Heç bir rus demədi ki, “bizi niyə söyürsən?” Çünki hamı bilirdi ki, Moskva günahkardır, Almatıda qazax xalqının qanı tökülmüşdü.
İkinci hadisə 1990-cı ildə, Bakıda baş verdi. Sovet ordusu Bakıya yeridildi. Onlarla insan həlak oldu, yüzlərlə yaralandı. O vaxt bizim köhnə dostlarımız yoxa çıxdı, qeybə çəkildi. Təkcə bir nəfər Bakıya gəldi və bizim dərdimizə şərik oldu – türk dünyasının böyük şairi Oljas Süleymenov. O, Bakıya gəldi və ağlaya-ağlaya bütün Azərbaycan xalqına müraciət etdi: “Sizin dərdinizə şərikəm”. Bu faktları bizim millətlərin birliyini göstərmək üçün dedim.
Üçüncü hadisə isə 1994-cü ildə baş verib. Həmin vaxt mən Azərbaycan Respublikasının mətbuat və informasiya naziri idim. Prezident Heydər Əliyev Çinə rəsmi səfərdən qayıdırdı. Mən də nümayəndə heyətinin tərkibində idim. Təyyarə Almatıda enməli oldu. Orada Prezident Nursultan Nazarbayev Heydər Əliyevi iqamətgahına dəvət etdi. Gözəl süfrə ilə Heydər Əliyevi gözləyirdi. Nazarbayev Heydər Əliyevə “siz” deyir, Heydər Əliyev isə ona “sən” deyirdi. Münasibətləri bu dərəcədə idi”.
O, xatırladıb ki, söhbət zamanı Nazarbayev təşəkkürünü ifadə edib:
“Nə yaxşı ki, o vaxt, 1986-cı ildə, Politbüroda Qazaxıstanı müdafiə edən tək siz oldunuz. Kolbini Qazaxıstana rəhbər təyin edəndə, təkcə siz dediniz ki, millətlərin hissləri ilə oynamaq olmaz. Mən onların arasındakı qarşılıqlı hörməti gördüm. Bu gün Prezident Tokayevlə İlham Əliyev arasında olan dostluq tarixdən gələn qardaşlığın göstəricisidir.
Bu salon türk dünyasının kiçik modelidir. Burada Axısxa türkləri, Gürcüstan və Ermənistandan deportasiya olunmuş azərbaycanlılar var, qazaxlar, özbəklər, Türkiyədən gələnlər və biz – Bakıdan gələnlər varıq. Bu gün burada türk dünyasının böyük modelini görürük, yeddi dövlət bir aradadır.
Qədimdən bir söz var, “Orta Asiya kimin əlindədirsə, dünya onundur”. Ona görə bu gün Avropa Mərkəzi Asiyaya üz tutur, deyirlər ki, sizə maliyyə verəcəyik, gedin, Cənubi Kipri dəstəkləyin. Amerika da buraya sərmayə yatırır. Bir sözlə, bu gün dünyanın gözü buradadır. Ancaq bizim millətlərlərimiz gərək ayıq olsun”.
VHP sədri diqqətə çatdırıb ki, təzədən tora düşmək olmaz, çünki Rusiyanın torunda 200-300 il qaldıq:
“Bundan sonra bizim bir torumuz və bir birliyimiz var, o da türk birliyidir. Yerdə qalan hər şey əfsanədir. Bunu yaddan çıxarmaq olmaz. Bu gün bəlkə də biz eyni mətbuat havasını yaşayırıq. Məsələn, Abay Kunanbayevin yubileyi oldu, Azərbaycanda onun haqqında gözəl yazılar yazıldı, kitabı çap olundu. Oljas Süleymenovun bu gün Bakıda “Ocaq” kitabının 50 illik yubileyi qeyd olunur. Çünki “Ocaq” bütün türk dünyasının, milli şüurun oyanmasında ciddi rol oynamışdır.
Bizim tarix boyunca Can Qurd, Velikanov, Oljas Süleymenov, Muxtar Şaxanov kimi şəxsiyyətlər türk dünyasının birliyinə xidmət ediblər. Mənim çoxlu cavan dostlarım var, onlar iki dövlətin mədəniyyətini, ədəbiyyatını bir-birinə yaxınlaşdırmaqda böyük işlər görürlər. Biz sevinirik ki, türk dünyası yavaş-yavaş öz işini şaxələndirir. Məsələn, Türk Dünyası Akademiyası Qazaxıstandadır, Türk Dünyası Yazıçılar Birliyinin sədri bizim dostumuzdur. Türk dünyasının parlamenti də Bakıdadır. Yəni paylaşa-paylaşa birləşirik. Bundan böyük səadət ola bilməz”.
Biz niyə bu forumu burada keçirməyə böyük həvəslə razılıq veririk? Çünki Qazaxıstan Azərbaycan üçün son dərəcə önəmlidir. Yalnız iqtisadi əlaqələri ilə deyil, Prezidentlərin tez-tez görüşü ilə yox. Prezidentlərimiz tez-tez görüşürlər, bu çox yaxşıdır. Amma zirvə görüşləri türk birliyi üçün yetərli deyil. Bu birliyi möhkəmləndirmək üçün bütün səviyyələrdə görüşlər lazımdır. Müəllimlər, həkimlər, mühəndislər, iş adamları arasında sıx əməkdaşlıq vacibdir. Dövlət başçıları görüşüb gedirlər, amma onların başladığı yolu davam etdirənlər də lazımdır. Bu, son dərəcə önəmlidir”.
S. Rüstəmxanlı xatırladıb ki, “Qərbi Azərbaycanlıların Geri Dönüşü” ilə bağlı forum Daşkənddə keçirildi:
“Lakin Qazaxıstan hamısından önəmlidir. Çünki zamanında Azərbaycandan deportasiya olunmuş və qovulmuş, Ermənistandan, Axısxadan, sonra isə Quzey Qafqazdan qovulmuş türklərin böyük hissəsi üçün Qazaxıstan ikinci vətən olub. Çoxları heç öz ana vətənlərini görməyib. Ancaq Qazaxıstanı görüblər. Bu faciələr yazılmalıdır. Elə dağılıblar ki, bütün dünyaya hətta Avstraliyaya getdikdə orada da Axısxa türkünə rast gəlmişdim.
Ermənistandan qovulan azərbaycanlılar da… Ermənistan tarixi Azərbaycan torpağıdır. Qafqazda heç vaxt erməni dövləti olmayıb. Birini göstərsinlər, xəritəsini, paytaxtını. Yoxdur belə bir şey, dünyanı çaşdırırlar. Belə bir vəziyyətdə biz, şükür ki, artıq Qarabağımızı azad etmişik. Bu, Azərbaycan Ordusu qəhrəmancasına bu işi gördü.
İndi biz millət olaraq deyirik: “Qərbi Azərbaycan” dediyimiz İrəvan xanlığını sizə biz vermişik. O torpaqlar bizimdir. Yaşayırsınız, dövlət qurmusunuz, eybi yox. Başqa dövlətiniz olmayıb, olsun, balaca dövlətiniz. Amma biz də öz torpaqlarımıza qayıtmaq istəyirik, sizin dövlətinizi pozmadan… 300 mindən çox insan Qərbi Azərbaycana qayıtmaq üçün bu gün siyahıdadır. Dünya da bunu anlayır.
60 min erməni Qarabağdan çıxmışdı, biz oraya qayıtmaq istəyirik deyirlər, amma hamısı cinayətkardır. Gəlsin, qayıtsın, ancaq bizim də 300 min insanımız qayıtsın öz tarixi torpaqlarına. Qazaxıstanda Ermənistandan qovulan böyük ziyalılar var. Qazax xalqına minnətdarlığımızı bildiririk. Onlara yuva verib, bəsləyiblər. Bu gün həmin insanlar burada qol-qanad açırlar, rahat yaşayırlar. Başlanan bu proses Azərbaycanın haqlı olduğunu bütün dünyaya göstərəcək və biz istəyimizə çatacağıq. Çünki Azərbaycan dövlətinin iradəsi bu istiqamətdədir və bu yolda davam edəcək”.
Qeyd edək ki, VHP sədri çıxışının sonunda öz şeirini səsləndirib
Vətəndən söhbət düşmüşkən, bir balaca şeir oxumaq istəyirəm:
Bir əlçim buluddur,
Bir ömür umuddur,
Bir içim sudur.
Yandıqca, odlanan ocaqdır,
Daddıqca, dadlanan arzudur.
Bir dərə bahar leysanıdır,
21 azərin qanıdır.
Cavad xanın qətl yeridir,
Sabirin “Fəxriyyə” şeiridir.
Dağları dumanda itən –
Vətən… Vətən!
Hadinin şeir bazarıdır,
Füzulinin qürbətdəki məzarıdır.
Taleyin ələnən ələyidir.
Durna lələyidir.
Araz hörüyündən
kəməndə düşmüş Sevildir.
“Ənəlhəqq” harayıdır.
Ələsgərin sazıdır.
Qədim əlyazmasıdır –
Dahilər boylanır sətirlərindən
Vətən… Vətən!
Şimşəklər çinartək sancılıb yerə,
Düşmənin gözünə dirsəkdir hər dağ.
Babalar atını sürüb gedibdir,
Qalalar boylanıb qalıbdır ancaq.
Oğlu — Şah İsmayıl Xətai adlı,
Ağ atlı oğlan var, atı qanadlı,
Bir də Suraxanı atəşgahı var,
Bir də misri qılınc, bir də Çənlibel,
“Heydərbaba” yazılmış bir dil.
Torpağı ot deyil, kişi göyərdən
Vətən… Vətən!
Nəsimi Ələsgərli