Biraylıq maaşla birgünlük TƏDBİR: “Son zəng”lərimizi ŞOUYA ÇEVİRƏNLƏR

media-hightechnic-468x90

“Son zəng” tədbirinin məqsədi təmtəraq və yarış yox, birlik, təşəkkür, keçmişin dəyərləndirilməsi və gələcəyə inamdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun kanalların birində “Son zəng”in təmtəraqlı keçirilməsinin qadağan edildiyini bildirməsini şərh edərək qeyd edib ki, son illərdə bu tədbir şou xarakterli, dəbdəbəli, bahalı tədbir formatına çevrilib:

“İlk növbədə qeyd edim ki, orta məktəblərdə “Son zəng” tədbiri, əslində, təhsilin bir mərhələsinin başa çatmasını, uşaqlıqla vidalaşmanı və müstəqil həyata ilk addımın rəmzi olaraq qeyd olunan simvolik mərasimdir. Bu tədbirin mahiyyəti təntənədən daha çox mənəvi, ideya və pedaqoji məzmun daşımalıdır. Amma son illərdə Azərbaycanda “Son zəng” anlayışı bəzən öz mahiyyətindən uzaqlaşaraq, daha çox şou xarakterli, dəbdəbəli, bahalı tədbir formatına çevrilməkdədir. Bu da bir sıra problemlərə yol açır və əslində, həm pedaqoji baxımdan, həm də sosial ədalət nöqteyi-nəzərindən şagirdlər arasında ciddi problemlər yaradır”.

Onun sözlərinə görə, “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq təlimatları mövcuddur:

“Məsələn, 2025-cü il may ayına olan təlimata əsasən, bu tədbirlər məktəbin öz daxili imkanları çərçivəsində, sadə, mənalı, yaradıcı və maliyyə yükü yaratmayan şəkildə təşkil olunmalıdır. Tədbirin təşkilinə valideynlərdən və ya şagirdlərdən pul yığılması, bahalı restoranlarda qeyd edilməsi, şou xarakterli qonaqların (müğənnilər, aparıcılar və s.) dəvət olunması açıq şəkildə yolverilməzdir. Bu, həm “Təhsil haqqında” Qanunun 13-cü maddəsinin (təhsilin əlçatanlığı və bərabərliyi) pozulmasıdır, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 125 nömrəli qərarına əsasən, ümumtəhsil müəssisələrində təhsilin pulsuzluğuna dair prinsiplə ziddiyyət təşkil edir”.

K. Əsədov söyləyib ki, bu tədbirin məqsədi təmtəraq yox, birlik, təşəkkürü simvolizə edir:

“Bu tədbirin məqsədi təmtəraq və yarış yox, birlik, təşəkkür, keçmişin dəyərləndirilməsi və gələcəyə inamdır. Tədbirdə müəllimlərə təşəkkür, məktəb illərinin xatırlanması, sinif yoldaşları ilə vida, ailəyə və məktəb ictimaiyyətinə minnətdarlıq əsas yer tutmalıdır. Bu mərasim, eyni zamanda, məktəb mühitində sosial inteqrasiyanı gücləndirməli, gələcəyə məsuliyyət hissi aşılamalıdır. Halbuki hazırkı təcrübədə bəzi məktəblərdə bu tədbir yarışa çevrilir: hansı məktəb daha bahalı şarlarla, dronlarla, brendlə tədbir keçirdi? Kim hansı restoranda yemək verdi? Bu isə sosial bərabərsizliyi dərinləşdirir, maddi imkanı zəif olan ailələrin psixoloji basqı altına düşməsinə səbəb olur və məktəb mühitində parçalanma yaradır”.

O, vurğulayıb ki, dünya təcrübəsinə baxdıqda, bir çox ölkədə, məsələn, Finlandiyada, Almaniyada, Yaponiya və Koreyada belə mərasimlər olduqca sadə, simvolik keçirilir:

“Şagirdlər müəllimlərə təşəkkür edir, sinif otaqlarında və ya məktəb həyətində kiçik çıxışlar, əl işləri, xatirələr paylaşılır. Ailə üçün maddi yük yaradan heç bir forma yoxdur. Sosial məsuliyyət və təhsil dəyərləri ön plandadır. Bizdə isə bəzən “təntənə” uğrunda təhsil prinsipləri ayaq altına atılır. Təmtəraqlı tədbirlərin qadağan olunması birmənalı şəkildə doğru yanaşmadır və bu, cəmiyyətin sosial ədalət prinsipinə, dövlətin təhsilə münasibətinə və uşaqların psixoloji rifahına xidmət edir. Amma burada qadağa ilə yanaşı izahedici, maarifləndirici iş də paralel aparılmalıdır. Məktəb rəhbərlərinə, müəllimlərə və valideyn komitələrinə bu tədbirin fəlsəfəsi, məqsədi açıq şəkildə başa salınmalıdır. Əks halda, bəzi məktəblərdə “qadağa varsa, gizli təşkil edək” yanaşması inkişaf edə bilər. Bəzən valideynlər deyir ki, “uşağımın bircə son zəngi qalıb, niyə etməyək?”. Amma məsələ burasındadır ki, bu “bircə” tədbir bəzi ailələrə bir aylıq maaş qədər xərcə başa gəlir”.

Ekspert bu ənənəvi tədbirin tədricən aradan qaldırılmasının düzgün olduğunu xüsusi vurğulayıb:

“Son zəng”in ruhunu təntənə deyil, təşəkkür formalaşdırmalıdır. Təmtəraqlı tədbirlər həm sosial baxımdan ayrı-seçkilik yaradır, həm də uşaqlara yanlış mesaj verir: sanki məktəb yalnız geyim, görüntü və musiqidən ibarət bir mərhələdir. Əslində isə məktəb həyatın özüdür və bu mərhələdən çıxış mərasimi də insanilik, dəyərlər, kollektiv yaddaş üzərində qurulmalıdır. Dövlətin bu məsələyə nəzarəti və ictimai qınaq sistemi daha da gücləndirilməlidir. Təhsilin mahiyyətindən uzaqlaşan hər bir forma, nə qədər “ənənəvi” olsa da, tədricən aradan qaldırılmalıdır”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600