Birgəyaşayışın UĞURLU MODELİ: Azərbaycanın multikulturalizm yolunun tarixdən gələn ƏNƏNƏLƏRİ

media-hightechnic-468x90

 

Azərbaycan çoxəsrlik tarixində müxtəlif etnik və dini qrupların birgə yaşadığı, zəngin mədəniyyətlərarası əlaqələrin mövcud olduğu bir ölkədir. Bu xüsusiyyət Azərbaycanın multikulturalizm ənənələrinin əsasını təşkil edir.

Burada bir arada yaşayan müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət və anlayış mövcuddur. Multikulturalizm ölkənin sosial, mədəni və siyasi həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir və bu dəyərlər dövlətin siyasətində mühüm yer tutmaqdadır. Azərbaycan yalnız öz ərazisində deyil, həm də beynəlxalq arenada multikulturalizmin qorunmasına və inkişafına dair irəliləyişlər əldə edərək, dünya xalqları arasında sülh və əməkdaşlığın təbliğinə xüsusi diqqət ayırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında multikulturalizmə olan yanaşma hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olmuşdur. Ölkəmiz müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birgəyaşayışını təmin edən və inkişaf etdirən bir model olaraq tanınır. Bu gün Azərbaycan multikulturalizmi özünün milli dəyəri və qlobal sülhün təminatçısı kimi görür və bu prinsipləri gələcək nəsillərə çatdırmaq məqsədilə ardıcıl addımlar atır.

Mövzu ilə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı bir ölkədir və bu, ölkənin reallığıdır:

media-e4a55b33-a070-4b6c-8cd7-1c91e67d5995

“Bu, bizim reallığımızdır və müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasətin əsas mahiyyəti ondan ibarət idi ki, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələri artıq dövlət siyasəti səviyyəsinə yüksəldildi. Bu o deməkdir ki, artıq bizim Konstitusiyamızda, qanunvericilik aktlarımızda, həmçinin aparılan inzibati və siyasi islahatlardakı əsas məqam Azərbaycanda yaşayan bütün xalqların dillərinin, mədəniyyətlərinin, dini inanclarının qorunması, cəmiyyətimizin rəngarəngliyinin inkişaf etdirilməsi və milli birliyin möhkəmləndirilməsi üçün konkret siyasi addımların atılmasıdır”.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınırsa, bu, məhz vaxtilə əsası qoyulmuş uğurlu ideoloji və siyasi xəttin nəticəsidir:

“Çünki Azərbaycanda tolerantlıq və multikulturalizm ideyaları süni şəkildə yaradılmayıb. Burada insanlar arasında nə dini, nə də etnik kimliyə görə ayrı-seçkilik anlayışı olmayıb. Cəmiyyətimizdə heç vaxt “özgə” münasibəti hökm sürməyib. Azərbaycanda dözümlülük anlayışı sadəcə təmkin deyil, bundan daha yüksək bir mənəvi keyfiyyət, qarşılıqlı sevgi və hörmət münasibətidir”.

Müsahibimiz həmçinin bildirib ki, Azərbaycanın milli birliyi 44 günlük müharibədə əsas qələbə amillərindən biri olub:

“İkinci Qarabağ müharibəsində Azərbaycandakı milli birlik, bəlkə də qələbənin əsasını təşkil edən ideologiyalardan biri olub. Məhz azərbaycançılıq ideologiyası əsasında formalaşan bu birlik Azərbaycanda bütün inancları bir araya gətirib, ortaq dəyərlər ətrafında birləşdirib. Bu dəyərlər bizi azərbaycanlı edən əsas milli sistemdir.

Bu gün Azərbaycan cəmiyyətində multikulturalizm tam şəkildə özünü doğruldub. Bu “halqa” ondan ibarətdir ki, cəmiyyətdə tolerant və qarşılıqlı anlayışa əsaslanan mühitin olması, həmin mühitin qorunması üçün siyasi iradənin və siyasi dəstəyin mövcudluğu, eyni zamanda, bunu hüquqi müstəvidə təmin edən qanunvericilik bazasının olmasıdır”.

Həmsöhbətimiz Azərbaycan dövlətinin həm İslam, həm də yəhudi və xristian mədəni irslərinin qorunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib və Azərbaycanın multikulturalizm siyasətinin təkcə daxili müstəvidə deyil, beynəlxalq diplomatiyada da təsirini göstərdiyini bildirib:

“Azərbaycan bu siyasəti yalnız daxili siyasət kimi formalaşdırmaqla kifayətlənməyib, eyni zamanda, onu regional və qlobal sülhün açarı kimi təqdim edir. Məhz buna görə də Prezident İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası və dinlərarası dialoq platformalarının əsası bu prinsiplər üzərində qurulub. Multikulturalizm siyasəti, sözsüz ki, yalnız etnik və dini müxtəlifliyin qorunması ilə məhdudlaşmır. Bu siyasət, eyni zamanda, sosial və siyasi həyatın müxtəlif sahələrinə də açıq şəkildə təsir göstərir. Yəni həm daxili sabitliyə, həm dövlətin təhlükəsizliyinə, həm iqtisadi inkişafa, həm də xarici siyasət xəttinə birbaşa və ya dolayı şəkildə təsir edir. Amma bu təsir istənilən halda birmənalıdır və əhəmiyyətlidir”.

Mərkəzin icraçı direktoru hesab edir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə yalnız təbii resurslarla zəngin ölkə kimi deyil, eyni zamanda, mədəni və dini müxtəlifliyi təşviq edən, dinlərarası və mədəniyyətlərarası dialoqun fəal təşəbbüskarı kimi tanınır:

“Bu da Azərbaycanın xarici siyasətində xüsusi bir imicin formalaşmasına səbəb olur. Bununla yanaşı, bu mövqe ölkəmizə qarşı mütəmadi aparılan qarayaxma kampaniyalarına qarşı da bir növ müdafiə baryeri rolunu oynayır. Çünki Azərbaycanda həm İslam mədəni irsi, həm yəhudi, həm də xristianlıq irsi qorunur, dövlət tərəfindən təmir edilir, yeni ibadət yerləri inşa olunur və tarixi irsimizin saxtalaşdırılmasına yönəlmiş cəhdlər ifşa olunur. Məlumdur ki, ideoloji mübarizə daim davam edir və müstəqillik qazandığımız dövrdən bəri, xüsusilə də Sovet İttifaqı dağıldıqdan sonra bu təhlükələr daha kəskin xarakter almışdı. Xarici missioner qrupların ideoloji təhdidləri də bir vaxtlar ciddi narahatlıq doğururdu. Bu gün isə Azərbaycanda təhlükəsizlik demək olar ki, tam şəkildə təmin olunub”.

O, həmçinin vurğulayıb ki, xarici siyasətimizin əsas istiqamətlərindən biri məhz multikulturalizm xəttidir və bu istiqamət getdikcə inkişaf edir:

“Azərbaycan bu gün müxtəlif islamofob tendensiyalarla mübarizə platformaları qurur, eyni zamanda yəhudi irsinin qorunub saxlanması missiyasını yerinə yetirir. Digər tərəfdən, xristian abidələrinin və tarixi keçmişin keşiyində dayanır, bu irsin saxtalaşdırılmasının qarşısını alır. Bütün bunlar onu göstərir ki, dövlətin bu sahəyə olan münasibəti yüksək səviyyədədir. Azərbaycan multikulturalizm siyasətini statik bir yanaşma kimi görmür. Multikulturalizm siyasəti liberal və demokratik dəyərlərə əsaslanır və bu gün birgəyaşayışın dünyada qəbul olunan yeganə effektiv modeli kimi öz aktuallığını qoruyub saxlayır. Belə ki, dünyada iki minə yaxın müxtəlif mədəniyyətin daşıyıcısı olan xalq var, lakin cəmi 198 ölkə mövcuddur. Bu reallıq fonunda birgəyaşayış üçün yeganə model məhz multikulturalizmdir”.

Mütəxəssis onu da bəyan edib ki, bu səbəbdən cənab Prezident İlham Əliyev mütəmadi olaraq çıxışlarında, çağırışlarında və təşəbbüslərində dialoq platformalarının yaradılmasını, həmçinin dinlərarası və mədəniyyətlərarası mühitin yaxşılaşdırılması istiqamətində təkcə fikirlər səsləndirmir, həm də konkret və praktiki addımlar atır:

“Bu kontekstdə Heydər Əliyev Fondunun fəaliyyəti və Fondun prezidenti Mehriban xanım Əliyevanın praktiki fəaliyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycanın bu sahədə atdığı addımlar beynəlxalq müstəvidə təkcə vədlərlə deyil, əməli nümunələrlə də seçilir. Xüsusilə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müstəqil institut kimi fəaliyyət göstərməsi təkcə ölkə daxilində deyil, qlobal səviyyədə də təşəbbüslərlə çıxış etməsi bu siyasətin bariz nümunəsidir. Bu, gənclər istiqamətində, media və təhsil sahələrində, eləcə də beynəlxalq platformaların təşkili və Azərbaycan multikulturalizm modelinin tanıdılması istiqamətində mühüm rol oynayır. Bu model artıq öyrənilən və örnək göstərilən bir nümunəyə çevrilib”.

“Fikrimcə, çox az sayda ölkə Azərbaycan qədər bu siyasəti bu qədər aktiv şəkildə həyata keçirir, dialoqu və birgəyaşayışı təşviq edir, yalnız çağırışlar etməklə kifayətlənməyib, konkret addımlar atır. Dini liderləri bir araya gətirir, dövlət bu sahəyə xüsusi diqqət ayırır və nəticədə bu siyasət beynəlxalq diplomatiyada da öz real təsirini göstərir. Azərbaycanın beynəlxalq arenada tutduğu mövqe bunun ən bariz sübutudur”, – deyə o, fikirlərini yekunlaşdırıb.

media-resize-7

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600