“Ən çətin mərhələ ilk addımı atmaq idi” – İstanbul görüşü MÜHARİBƏNİ BİTİRƏCƏK?

media-hightechnic-468x90

“Məsələ bundadır ki, belə görüşlər təsadüf nəticəsində baş vermir. Hətta Rusiya prezidenti Vladimir Putinin belə bəyanatla çıxış etməsi də təsadüfi deyil. O, bu çıxışı ilə özünü uzunmüddətli atəşkəsə razı olmayan tərəf kimi göstərmək istəmir. Amma burada başqa məqamlar da mövcuddur”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Analitik mayın 15-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Rusiya-Ukrayna nümayəndələrinin görüşünü, habelə tərəflər arasında mövcud olan ziddiyyətli məqamları şərh edib.

R. Bayramov diqqətə çatdırıb ki, ABŞ prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı məlum oldu ki, Tramp Ərdoğana Ukrayna məsələsinin həllində birgə addımlar atmaqla bağlı çağırış edib:

“Bir neçə gün sonra isə biz dərhal Putinin müvafiq bəyanat verdiyinə şahid olduq. Əminəm ki, Tramp və Ərdoğan arasında baş tutan telefon danışığından sonra Putin də Zelenski ilə müvafiq telefon əlaqəsi saxlayıb və bunun ardınca belə bir təşəbbüs irəli sürülüb. Əslində, əvvəldən də Putinin bu görüşdə iştirak edib-etməyəcəyi sual altındaydı. Çünki, birincisi, Putin hələ də Zelenskinin legitimliyini tanımır və bu məsələdə heç bir geri addım atmayıb. O, Zelenskini hələ də Ukraynanın legitim prezidenti kimi qəbul etmir. İkincisi isə Ukraynada danışıqları qadağan edən müvafiq fərman hələ də qüvvədədir. Bu baxımdan, Putinin belə bir görüşdə iştirak etmək istəyi onun mövqeyində müəyyən yumşalma olduğunu göstərir”.

“Əslində mən “görüşdə iştirak edə bilərəm” bəyanatını verəndə, gözlənti o idi ki, Putin də həmin görüşə qatılacaq. Lakin nəticədə gördük ki, o, şəxsən iştirak etmir və biz yalnız nümayəndə heyətləri arasında keçiriləcək görüşə şahidlik edəcəyik. Nə isə əldə oluna bilərmi? Təbii ki, bu mümkündür. İndiyə qədər də müharibənin ən çətin dövrlərində Türkiyənin vasitəçiliyi ilə bir sıra tərəflər arasında uğurlu razılaşmalara nail olunub. Bu baxımdan, indi də müəyyən müsbət qərarların qəbul edilməsi mümkündür. Amma, təbii ki, tək bir görüşlə hər şeyi həll etmək mümkün deyil. Ən azından uzun müddətdir ki, tərəflər birbaşa masa arxasında əyləşmirdilər. İndi isə bu baş veribsə, bu, gələcək danışıqlar üçün bir fürsətdir. Hətta tərəflərin sadəcə niyyətlərini ortaya qoymaları belə, növbəti mərhələlərdə daha konkret qərarların qəbul edilməsinə zəmin yarada bilər”, – deyə o, əlavə edib.

O, hesab edir ki, hazırda tərəflərin tələbləri bir-birindən kəskin şəkildə fərqlənir:

“Bir tərəf Rusiyanın işğal etdiyi əraziləri öz ərazisi kimi tanınmasını tələb edir, digər tərəf isə həmin ərazilərdən çıxılmasını istəyir. Bu isə tamamilə ziddiyyətli mövqelərdir və onları ortaq məxrəcə gətirmək üçün həm böyük siyasi iradəyə, həm də zamana ehtiyac var. Amma yenə də deyirəm, ən çətin mərhələ ilk addımı atmaq idi. İndi isə görün, bu addım atılıb və Rusiya ilə Ukrayna nümayəndələrinin bir masa arxasında oturaraq nəyisə müzakirə etməsi artıq baş verir. Bu, növbəti mərhələlər üçün müsbət istiqamətdə hansısa qərarların qəbul edilməsinə zəmin yarada bilər”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600