Ermənilərin neonasizm SEVDASI – Paşinyan hökuməti ilə Kreml arasında ÇATLAR DƏRİNLƏŞİR
Ermənistan Müdafiə Nazirliyinin sabiq nümayəndəsi Artsrun Hovhannisyanın və Ermənistan İctimai Televiziyasının aparıcısı Tatev Danielyanın 9 mayla bağlı efirdə səsləndirdiyi fikirlər təkcə erməni ictimaiyyətində deyil, həm də rus mediasında ciddi müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.
Məlumata görə, Rusiyanın tanınmış xəbər portallarından biri bu məsələ ilə bağlı “Paşinyan nəyi sona qədər demir: Ermənistanın Baş naziri Moskvada Qələbə Paradında iştirak edərkən, İrəvanda veteranları alçaldırdılar” başlıqlı yazı yayımlayıb. Yazıda bildirilir ki, bütün fikir ayrılıqlarına baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan Qələbə Paradına qatılmaq üçün Moskvaya səfər edib. Bununla belə, məqalədə vurğulanır ki, bu addım Ermənistan ictimai televiziyasında gedən təbliğatla ziddiyyət təşkil edir.
Belə ki, Artsrun Hovhannisyan 9 mayda İctimai Televiziyanın efirində çıxış edərək bildirib ki, erməni xalqı bu günü Qələbə Günü kimi qeyd etməməlidir. Onun fikrincə, İkinci Dünya müharibəsinin əsl qalibi ABŞ-nin rəhbərliyi ilə Qərb olub və məhz bu qüvvələr SSRİ-nin işğalçılıq planlarının qarşısını alıblar. Daha da qalmaqallı bəyanatında Hovhannisyan iddia edib ki, Ermənistan üçün Hitler qələbə çalsaydı, daha yaxşı olardı. O, 9 mayı Ermənistan üçün təkcə bayram deyil, həm də “faciə günü” adlandırıb və bildirib ki, bu müharibə ermənilərə yalnız böyük itkilər verib, əvəzində heç nə qazandırmayıb.
Teleaparıcı Tatev Danielyanın çıxışı da geniş rezonansa səbəb olub. O, İctimai Televiziyada bəyan edib ki, ruslar bu müharibəni “Vətən Müharibəsi” adlandırır, lakin guya insanlar nasist işğalçılarına qarşı döyüşmək istəməyiblər.
“Bu, doğrudanmı vətəni müdafiə etmək ideyası ilə aparılan müharibə adlandırıla bilər?” – deyə Danielyan efirdə sual ünvanlayıb. Nəticədə onun fikrindən belə çıxır ki, yüzlərlə erməni general və SSRİ qəhrəmanı bu müharibəyə “ölkəni müdafiə etmədən”, “Berlinə getmək istəmədən” və “qalib gəlmək istəmədən” qatılıb. Rus mediası isə bu ritorikanı “veteranların alçaldılması” kimi qiymətləndirib.
Rusiya Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini Alyona Arşinova bildirib ki, Ermənistanın yüksək vəzifəli şəxslərinin, o cümlədən Paşinyanın ritorikasında baş verən dəyişikliklər ciddi narahatlıq doğurur:
“Bəlkə də Hovhannisyan hökumətin cəsarət etmədiyi, lakin içində söylədiyi fikirləri açıq şəkildə dilə gətirir”.
Bəzi rusiyapərəst “Telegram” kanalları isə bu çıxışları daha geniş prosesin başlanğıcı kimi qiymətləndirir. Onların fikrincə, bu cür ritorika Ukraynada dekkommunizasiyaya, neonasizmin artmasına, Baltikyanı ölkələrdə isə “sovet işğalı” ideyasının qalib gəlməsinə, Sovet və Rusiya abidələrinin dağıdılmasına, nəticədə isə Hitler ideologiyasının dolayısı ilə bəraət almasına gətirib çıxarıb.
Həmin kanallar bildirir ki, Paşinyanın Moskva səfəri və Qələbə Paradında iştirakı Qərbə qarşı etdiyi jestləri kompensasiya etmək cəhdidir. Bu yolla Avropa İttifaqı ilə münasibətləri qorumağa çalışan Paşinyan İkinci Dünya müharibəsində iştirak edən 500 mindən çox erməninin xatirəsini tapdalayır. Onlar Paşinyanın bununla kifayətlənməyəcəyini, ölkədə stalinist dövrün dəhşətləri və sovet rejiminin qurbanları barədə təbliğatın güclənəcəyini, rəsmi ideoloji kursun isə rusofobiya və yerli nasist fanatiklərin sistemli hazırlanması istiqamətində yönləndiriləcəyini bildirirlər.
Rafi Müslümov