Hindistan-Pakistan GƏRGİNLİYİ: Türkiyə bu regional qasırğadan necə təsirlənir?

media-hightechnic-468x90

 

Hindistan və Pakistan arasında artan hərbi gərginlik Cənubi Asiyada müharibə ehtimalını hər zamankından daha da yaxınlaşdırıb.

Nüvə silahlarına sahib olan bu iki ölkənin qarşıdurması yalnız regional təhlükəsizliyi təhdid etməklə qalmır, eyni zamanda Türkiyənin də daxil olduğu bir çox ölkənin strateji tarazlıqlarını pozma təhlükəsi yaradır.

Hindistan mətbuatı Türkiyənin Pakistan ilə dərinləşən müdafiə əməkdaşlığını diqqətə çatdıraraq, bu ortaqlıqla bölgədəki güc tarazlığının dəyişə biləcəyini bildirir. Artan gərginlik və hərbi qarşıdurma riski Hindistan və Pakistan arasındakı vəziyyətin yalnız Cənubi Asiyada deyil, eyni zamanda da dünya miqyasında təsir göstərən bir məsələ olduğunu ortaya qoyur.

Türkiyə jurnalisti Mustafa Yıldız da Yenicag.az-a açıqlamasında bu vəziyyətin dünya siyasətinə təsir edəcəyini qeyd edib.

media-296444579_10162376680269466_2568886660104694553_n

“Kəşmir bölgəsi daha əvvəl dəfələrlə qarşı-qarşıya gələn ölkələr arasında bəzi imperiya maraqları və xarici təsirlər səbəbindən münaqişə mövzusu olmuşdur. Bu dağlıq regionun geoloji və təbii resursları, xüsusilə su və bəzi qiymətli elementlərlə zəngin olması onu strateji baxımdan cəlbedici etmişdi. Yeni dünya nizamının qurulmasında Kəşmir məsələsi Hindistan–Pakistan–Çin üçbucağında bir problemi ortaya çıxarmış və bu, daha sonra münaqişələrə səbəb olmuşdur. İndiki halda isə bu problemi yenidən qızışdıraraq, iki ölkə bir daha qarşı-qarşıya gətirilmək istənilir”, – deyə müsahibimiz vurğulayıb.

Analitik müharibə haqqında danışanların barış haqqında danışanlardan daha çox olduğunu vurğulayaraq, nüvə gücü haqqında danışmadan əvvəl bu iki ölkəni dəstəkləyən güclərin də nəzərə alınmasının vacib olduğunu qeyd edib:

“Hindistan–Pakistan müharibəsi olduğu kimi, burada Rusiya–ABŞ, Çin–ABŞ və Böyük Britaniya–Rusiya–ABŞ arasındakı mübahisələri də unutmamaq lazımdır. Nüvə müharibəsi təhdidi son illərdə dünyada ən çox danışılan mövzulardan biridir. Lakin nüvə silahları müharibə şəraitində ən son istifadə ediləcək vasitədir və hələlik ölkələrin əlində bir təhdid gücü olaraq saxlanılır. İsrailin İranla bölgədə apardığı qarşıdurmalar da nüvə gücü üzərindən aparılsa da, nüvə silahları günümüzdə istifadə edilməkdən çox, təhdid olaraq saxlanılır”.

Hindistan və Pakistan arasında baş verə biləcək bir münaqişənin Türkiyəyə necə təsir edəcəyi mövzusundan danışan siyasi təhlilçi “Bir Kəmər, Bir Yol” layihəsinə diqqət çəkib. O, söyləyib ki, Çindən yola çıxan bir qatarın Böyük Britaniyaya qədər kəsintisiz getməsi və qlobal ticarəti təsir altına alması mümkündür:

“Baş verə biləcək bir müharibə vəziyyətində isə ticarət yollarının ciddi şəkildə təsirlənməsi gözlənilir. Türkiyə ilə Pakistan arasındakı güclü əlaqələr də nəzərə alınmalıdır. Pakistan Baş nazirinin keçən aylarda verdiyi ‘mənfi bir vəziyyətdə bütün hərbi gücümüzlə Türkiyənin yanında olacağıq’ açıqlaması Türkiyənin bu münaqişədəki mövqeyini daha da mühüm edir. İnanıram ki, Türkiyə Rusiya–Ukrayna müharibəsində olduğu kimi, Hindistan–Pakistan müharibəsində də dünyadakı mühüm aktorlardan biri olacaq”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Azərbaycanın Qarabağdakı iradəsi bütün dünya tərəfindən qəbul edilib və Türkiyənin bu mövqeyi də açıq şəkildə ortadadır:

“Türkiyənin Rusiya–Ukrayna böhranında göstərdiyi mövqe də açıq şəkildə ortadadır və bu yeni böhranda da dünyada birləşdirici bir rol oynaması onun üçün qaçılmazdır. Son olaraq, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri dünya siyasətində mühüm təsir göstərməkdə davam edir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya siyasətinə təsirləri birgə hərəkət etdiklərində çox güclü bir effekt yaradır. Fikrimcə, bu iki ölkənin qardaşlığı həm Asiya, həm də Qərb dünyasında problemlərin həlli istiqamətində daha sürətli nəticələr verəcək”.

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600