Hörmüzdən dünya neftinə TƏHDİD: İran öz damarını kəsmək ƏRƏFƏSİNDƏ
İran parlamentinin yekdilliklə Hörmüz boğazını bağlamaq barədə qəbul etdiyi qərar beynəlxalq gündəmin ilk sırasına yerləşib. Hind okeanı ilə Aralıq dənizini birləşdirən bu strateji keçidin bağlanması yalnız region üçün deyil, bütün dünya üçün təhlükəli ssenarilər vəd edir. Bu addım neft və qaz ticarətinin təməl arteriyalarından birini sıradan çıxarmaq, enerji bazarlarında qiymətlərin partlayışı və nəticə olaraq, qlobal maliyyə sistemində domino effekti yarada bilər.
Ancaq məsələ burasındadır ki, bu qərar hələlik hüquqi və icraedici gücə malik deyil. İranın siyasi sistemində bu cür fundamental məsələlər yalnız parlamentlə yekunlaşmır. Son qərar əvvəlcə Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməli, daha sonra isə dövlətin ən ali simvolu – ali dini lider Ayətullah Əli Xamenei tərəfindən onaylanmalıdır. Bu isə İranın siyasi sistemində formal strukturların real güc mərkəzlərindən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirir. Parlamentin qərarı daha çox ictimai rəyə hesablanmış bir jest, siyasi görüntü, regional rəqiblərə yönəlmiş psixoloji təzyiq vasitəsi kimi görünür. Tehran hakimiyyəti yaxşı anlayır ki, Hörmüz boğazının bağlanması öz əlləri ilə öz iqtisadi damarını kəsmək, özünü beynəlxalq koalisiyanın legitim hərbi hədəfinə çevirmək anlamına gəlir.
Bu hadisədə diqqətçəkən başqa bir vacib məqam isə ölkə prezidenti Məsud Pezeşkianın tamamilə kölgədə qalmasıdır. Parlament “dünya nizamını silkələyə biləcək” bir qərar verir, regional təhlükəsizlik tarazlığı dəyişmək üzrədir, lakin ölkənin ən ali icra orqanının rəhbəri bu diskursda, görünür, ya iştirak etmir, ya da ona imkan verilmir.
Bu isə İranın siyasi arxitekturasında illərdir davam edən anomaliyanın təzahürüdür. İran prezidentləri formal olaraq dövlət başçısı statusunu daşısalar da, faktiki olaraq siyasi gücün mərkəzi deyil, onun kölgəsində qalan fiqurlardır. Bütün həlledici qərarlar – müharibə və sülh, nüvə proqramı, beynəlxalq münasibətlər, daxili sabitlik – son nəticədə dini rəhbərlik və onun nəzarətində olan strukturlar tərəfindən formalaşdırılır.
Məsud Pezeşkianın prezident seçilməsi Qərbə doğru meylli siyasi xəttə işarə versə də, onun görünməzliyini və siyasi qərarlardan uzaq tutulmasını nəzərə alanda, bu seçimin daha çox sistemin imicini yumşaltmaq üçün planlaşdırıldığı düşünülür. İran bu gün öz hava məkanını İsrailə qarşı təhdid yaradan qüvvələrə açır, eyni zamanda regionda gərginliyi artıran qərarlar qəbul edir. Bu, müasir dünyada orta əsr təfəkkürü ilə dövlət idarəçiliyinin nə qədər təhlükəli olacağını bir daha göstərir. İran hakimiyyəti öz daxilində demokratiya ilə teokratiya arasında yarımçıq bir konstruksiyada boğulur – yəni nə tam demokratik institutlar var, nə də teokratik hökumətin dayanıqlı strateji baxışı.
Bu səbəbdən də İran bir tərəfdən böyük geosiyasi ambisiyalar sərgiləyir, digər tərəfdən isə daxili siyasi qarışıqlıq, qərarsızlıq və şəffaflıqdan uzaq qərar mexanizmi səbəbindən davamlı qeyri-sabitlik içində boğulur. Yəni İran parlamentinin Hörmüz boğazını bağlamaq barədə qərarı daha çox daxili auditoriyaya və beynəlxalq rəqiblərə yönəlmiş səs-küylü, lakin icrasız bir addımdır. Ancaq bu, eyni zamanda İranın siyasi sisteminin daxili qatlarını, prezidentin səlahiyyətsizliyini və qərar mexanizminin qeyri-şəffaflığını da ifşa edir. Bu, təkcə İranın öz gələcəyi üçün deyil, region və dünya üçün də təhlükəli bir modelin konturlarını göstərir.
Rafi Müslümov