İctimai və dövlət maraqlarının müdafiəsi: Dövlət-cəmiyyət tərəfdaşlığı bizə NƏ VƏD EDİR?
İctimai və dövlət maraqlarının qorunması hər bir müstəqil və hüquqi dövlətin mövcudluğunun təməl sütunlarından biridir. Bu maraqlar yalnız qanunların aliliyi ilə deyil, eyni zamanda, vətəndaş məsuliyyəti, milli həmrəylik və strateji dövlətçilik təfəkkürü ilə təmin olunur. Azərbaycanın müasir inkişaf mərhələsində bu anlayış təkcə hüquqi norma kimi yox, həm də milli ideologiyanın, dövlət siyasətinin və ictimai şüurun ayrılmaz tərkib hissəsinə çevrilib.
Xüsusilə torpaq bütövlüyü və suverenliyimizin bərpası uğrunda apardığımız 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, ictimai maraqların müdafiəsi milli birliyimizin və dövlətçiliyimizin ali ifadəsidir. Dövlət qurumları, media, QHT-lər və hər bir Azərbaycan vətəndaşı bu mübarizədə öz mövqeyini nümayiş etdirdi. Bu, həm də onu göstərdi ki, ictimai maraqlar yalnız gündəlik sosial tələbatları əhatə etmir, eyni zamanda strateji milli hədəflərin həyata keçirilməsi üçün ümummilli konsensusu formalaşdırır.
Bugünkü reallıqlar fonunda isə ictimai və dövlət maraqlarının müdafiəsi informasiya təhlükəsizliyindən tutmuş ekoloji balansın qorunmasına, sosial ədalətin bərqərar olmasından iqtisadi müstəqilliyin təmininə qədər geniş bir spektri əhatə edir. Azərbaycanın milli maraqları və strateji hədəfləri uğrunda göstərilən bu səylər həm cəmiyyətin vətəndaşlıq dəyərini gücləndirir, həm də dövlətin legitimliyini möhkəmləndirir.
Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib ki, vətəndaş fəallığı cəmiyyətlərin möhkəmlənməsində başlıca şərtdir:
“Bu fəallıq cəmiyyətdə siyasi münasibətlərin inkişafına təsir göstərir, onların qorunub saxlanmasına və möhkəmlənməsinə töhfə verir. Yüksək səviyyədə hüquqi və siyasi mədəniyyət, inkişaf etmiş vətəndaş cəmiyyəti vətəndaş fəallığını təşviq edən faktorlardandır. Vətəndaşa öz fikir və əqidəsini qanun çərçivəsində müdafiə etmək, təbliğ etmək imkanı yaradılır ki, bu da xüsusilə siyasi partiyaların, ictimai birliklərin yaranması, siyasi plüralizm, mətbuat azadlığında və s. ifadə olunur”.
Onun sözlərinə görə, Azərbaycan təcrübəsinə də diqqət yetirəndə görürük ki, fəal vətəndaş cəmiyyəti, vətəndaş fəaliyyəti sosial maraqların həyata keçirilməsinə, dövlət maraqlarının müdafiəsinə yönəlib:
“Ölkəmizdə vətəndaş fəaliyyəti tam könüllülük və iştirak azadlığı prinsiplərinə əsaslanır. Azərbaycan insanı bütün dövrlərdə milli məsələlərlə bağlı vahid mövqedən çıxış edib. İstənilən mürəkkəb şəraitdə Azərbaycan cəmiyyəti monolitlik nümayiş etdirib. Biz bunun müstəqilliyin ilk illərində, Birinci Qarabağ savaşı zamanı, eyni zamanda, Tovuz döyüşləri, həmçinin 44 günlük Vətən müharibəsi zamanı şahidi olduq. Azərbaycanda vətəndaş fəallığı vətəndaşlıq borcu ilə ayrılmaz şəkildə bağlıdır. Bu, o deməkdir ki, hər bir vətəndaş üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməli, öz fəaliyyətinə görə ətrafdakı insanlar və cəmiyyət qarşısında mənəvi məsuliyyət hiss etməlidir”.
Hüquqşünas Ramil Süleymanov isə diqqətə çatdırıb ki, ölkə başçısının müvafiq sərəncamları ilə ictimai nəzarətin artırılması məqsədilə hər bir nazirlikdə və dövlət xidmətində İctimai Şuralar fəaliyyət göstərir:
“Bu şuralar ölkədə kifayət qədər nüfuza malik ictimai şəxslərdən, eləcə də QHT rəhbərləri və əməkdaşlarından ibarət formalaşdırılır. Bu istiqamətdə fəaliyyətin gücləndirilməsi ilə bağlı müəyyən addımlar atılır. Lakin hesab edirəm ki, islahatların daha səmərəli həyata keçirilməsi üçün qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi zəruridir”.
R. Süleymanov əmindir ki, ictimai nəzarət funksiyasını həyata keçirən İctimai Şuralar mütəmadi hesabatlar dərc etməli, aşkarlanan pozuntuları cəmiyyətə açıq şəkildə bildirməli və bu pozuntuların aradan qaldırılması istiqamətində konkret təkliflər irəli sürməlidirlər:
“Hazırda nazirliklərin, komitələrin və dövlət xidmətlərinin yanında fəaliyyət göstərən İctimai Şuralar formal olaraq mövcud olmaqla kifayətlənməməlidirlər. Onlar, eyni zamanda, ciddi nəzarət funksiyalarını da yerinə yetirməlidirlər. Digər tərəfdən, bilirsiniz ki, KİV-lərin qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin tərkibində Qanunvericilik İdarəsi mövcuddur. Əgər hər hansı bir sahədə dəyişiklik və ya pozuntunun aradan qaldırılması üçün qanunvericilikdə müvafiq mexanizm yoxdursa, yaxud bu barədə hüquqi baza mövcud deyilsə, İctimai Şuralar qanunvericilik təşəbbüsü ilə Ədliyyə Nazirliyi qarşısında məsələ qaldıra və bu istiqamətdə yeni qanunvericilik aktlarının qəbuluna təşəbbüs göstərə bilərlər”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.