İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Dünyaca məşhur türk tarixçi İlbər Ortaylı Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfrans barədə məqalə qələmə alıb.
Yennicag.az xəbər verir ki, Mayın 21-də Türkiyənin Ankara şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Qərbi Azərbaycan İcması, Azəri-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin (ATEV) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans barədə “Hürriyyət” qəzetində məlumat paylaşan İlbər Ortaylı öz ata yurdlarından sürgün edilənlərin vətənlərinə qayıtmaq hüququnun onların əzəli haqqı olduğunu diqqətə çatdırıb və bu prosesin beynəlxalq hüquq çərçivəsində təmin olunmasının vacibliyinə toxunub.
Tanınmış tarixçi konfransa dair təəssüratlarını bölüşərkən ən dəyərli çıxış kimi Tənzilə Rüstəmxanlının nitqini xüsusi vurğulayıb. Ortaylının sözlərinə görə, tədbirdə hamını duyğulandıran əsas məqam Rüstəmxanlının söylədiyi bu fikirlər olub:
“Şah İsmayıl Səfəvi də bizimdir, 8 illik hakimiyyətində 80 illik iş görən Yavuz Sultan Səlim də bizimdir. XIX əsrə qədər böyük şairlərimiz, filosoflarımız, ortaq tariximiz belə davam edir. Türklük bizim ortaq yurdumuzdur”.
İlbər Ortaylı qeyd edib ki, bu cür çıxışlar yalnız siyasi deyil, həm də mədəni kimliyimizin dərinliyini ortaya qoyur. Onun sözlərinə görə, məşhur şair Nazim Hikmətin özünü ən çox vətəndə hiss etdiyi yer də məhz Azərbaycan olub.
İlbər Ortaylı konfransı dəyərləndirərkən qeyd edib ki, bu cür tədbirlər yalnız dövlət səviyyəsində deyil, elmi və intellektual çevrələrdə də mütəmadi keçirilməli, ortaq türk tarixinin dərinliklərinə enilməlidir.
Onu da bildirək ki, bir sıra tanınmış elm xadimləri ilə birlikdə İlbər Ortaylı da Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın çıxışçılarından biri olub.