“İranın pul köçürmələrini hakerlərin yox, xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində aşkar etməsinə inanıram”.
Bunu İranın Azərbaycandakı əməliyyatçılarına pul vəsaiti köçürməsi, bunun üstünün açılması və maliyyə axışının aşkarlanması prosesi ilə bağlı fikirlərini bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.
İlham İsmayıl bildirib ki, bu məsələlərin üstünün açılması haker qrupundan daha çox xüsusi xidmət orqanlarının işi ilə bağlıdır:
“Qanunsuz köçürmələrin hakerlərin aşkar etdiyinin deyilməsinə baxmaq lazım deyil. Dövlətin müəyyən strukturları, xüsusi xidmət orqanları fəaliyyət göstərir. Bu məsələləri hakerlərin aşkar etməsi mümkün deyil. Bu işdə dövlətin də əli var.
Hər kəs bilir ki, bir ölkənin başqa bir ölkədə fəaliyyət göstərməsi maliyyəsiz mümkün deyil. Maliyyənin şəxslərə ötürülməsi təhlükə yaratdığına görə, bunu təşkilatlara, müəyyən fondlara ötürürlər. Dövlət demək ki, bunun izinə düşüb. Ancaq onu bilmək lazımdır ki, bunu aşkar etmək çox çətin prosesdir. Hesab edirəm ki, bu tam deyil, yalnız müəyyən qismi aşkar olunub. Son baş verənlər İranın xüsusi xidmət orqanlarına, İranın cəsus şəbəkəsinə qarşı aparılan fəaliyyətin tərtib hissəsidir. Həm də ən vacib hissəsidir. Çünki maliyyəsiz bu işləri görmək mümkün deyil. Xüsusilə xarici vətəndaşları cəlb etməkdə ən aparıcı rol maliyyədir.
İranın pul köçürmələrini hakerlərin yox, xüsusi xidmət orqanlarının aşkar etməsinə inanıram. Çünki köçürmələrin kimlərə çatması, həmin şəxslər fəaliyyətsiz olsa da, kimlərlə oturub-durması aşkarlanmalıdır. Bunlar hamısı kompleks əməliyyat tədbiri sayılır. Bu zaman aparan məsələdir. Çünki hər gün pul paylanılmır. Ona görə də əlaqələr öyrənilməlidir. Ümumiyyətlə, casusun aşkar olunması və ifşa olunması bəzən illərlə vaxt aparan məsələdir.
Görünür, bu istiqamətdə görülən işlərin müəyyən nəticəsi məlum olub. İran Mərkəzi Bankı üçüncü ölkələr vasitəsiylə də bu işləri görə bilər. İran banklarının əməliyyat aparmasına sanksiyalar tətbiq olunduğuna görə dar çərçivələri var. Bu çərçivə daxilində də fəaliyyət göstərmək mümkündür.
Bu məsələnin ictimailəşdirilməsi vacib faktordur. Bundan sonra bu işlə məşğul olanlara dərs olar”.
Səxavət Məmməd
www.yenicag.az