“”İndi yaxşı kinolar çəkilmir” rəyi telekanallarımızın Azərbaycan filmlərini, xüsusilə yeni filmlərimizi efirə buraxmamaları sayəsində formalaşıb”.
Bunu son vaxtlar tez-tez səslənən “bu gün keyfiyyətli filmlər çəkilmir” fikrinə münasibət bildirərkən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Yenicag.az-a açıqlamasında deyib.
“Telekanallarda milli filmlərin nümayişi üçün hədd qoyulmalıdır”, – deyən İttifaq katibi fikirlərini belə əsaslandırıb:
“”İndi yaxşı kinolar çəkilmir” rəyi telekanallarımızın Azərbaycan filmlərini, xüsusilə yeni filmlərimizi efirə buraxmamaları sayəsində formalaşıb. Onlar yeni nəsil Azərbaycan filmlərini təbliğ etmir, efir şəbəkəsində Azərbaycan filmlərinə az yer verir. Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq fikirləşirik ki, Audivizual Şura telekanallara milli filmlərin nümayişi üçün minimal hədd qoymalıdır. Bu, 30 və ya 50 faiz ola bilər. Belə bir tələb müəyyən müddətə, məsələn, iki il ola bilər. Azərbaycan kinosunun tele-reytinqi artandan sonra bu tələb ləğv oluna bilər. Dövlət tərəfindən maliyyələşən iki kanal isə mütləq qayda da dövlət büdcəsindən maliyyələşən filmləri nümyiş etdirməlidir. Bu bizim dövlətin kino siyasətinin təbliğidir, əgər bunu etmirsizsə, deməli, dövlətin kino siyasətini dəstəkləmirsiz.
O, büdcə məsələsinə də toxunub və flmlərin az çəkilməsinin səbəblərini açıqlayıb:
“Kinomuzun həm texniki təchizatı, həm də minimum da olsa maliyyəsi var. Amma büdcənin konseptual, ağılla xərclənməsi yoxdur. Dövlətin kinoya ayırdığı vəsaitin xərclənmə effektivliyi 30 faizdir. Bunu Hesablama Palatasının yoxlamaları və müstəqil ekspertlərin rəyləri də göstərdi. Sadə desək, ayrılan vəsait ilə 7-10 film çəkmək və ya 10-15 filmin istehsalına dəstək olmaq olar. Amma 2021 ci ildə 3, 2022 ci ildə isə sıfır sayda bədii film istehsal olunub. Artıq şərhə məncə, ehtiyac yoxdur.
Peşəkarlara qalanda isə, bizim zəif yerimiz ssenari və prodüsser işidir. Ssenarinin inkişaf və beynəlxalq birgə layihələri həyata keçirə biləcək prodüsserlər azdır. Xüsusi ilə qeyri kommersiya kinosu prodüsserləri bizdə problemdir. Kommersiya kinosu prodüsserləri var və uğurla işləyirlər. Əgər dövlət vəsaiti effektli, konseptual, zəka ilə xərclənsə bütün bunlar həll olunası məsələlərdir. Kinomuz var, addımlayır, ama daha tez, daha iri addımlarla irəliləyə bilər”.
Cəvahir
www.yenicag.az