Kremlin yalan MEXANİZMİ: Faşizm üzərində qələbəni ruslaşdırmaq CƏHDİ

media-hightechnic-468x90

 

Bu gün Rusiya Federasiyası İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyini qeyd edir. Əslində, bu tarixi hadisə bütün dünyada nasist ideologiyasının darmadağın edilməsi kimi dəyərləndirilsə də, Rusiya bu günü getdikcə daha çox daxili təbliğat alətinə və imperiya siyasətinin ideoloji sütununa çevirir. Son onillikdə Kreml rəhbərliyinin bu qələbəni yalnız Rusiya xalqının “şəxsi nailiyyəti” kimi təqdim etməsi rus şovinizminin əsas strategiyasına çevrilib. Halbuki tarix göstərir ki, bu qələbə Sovet İttifaqına daxil olan 15 respublikanın, o cümlədən Azərbaycan xalqının böyük fədakarlığı və birgə mübarizəsi sayəsində mümkün olub.

Statistikalar sübut edir ki, İkinci Dünya müharibəsində Azərbaycan SSR-dən 700 mindən çox insan cəbhəyə yollanıb, onlardan 400 mini geri dönməyib. Bakı nefti isə sovet ordusunun əsas yanacaq mənbəyi olub və bu, müharibənin taleyini dəyişdirən faktorlardan biri sayılır. Amma müasir rus təbliğatında bu tarixi reallıqlar ya kənara qoyulur, ya da əhəmiyyətsiz detal kimi təqdim edilir. Bu isə təkcə tarixi yaddaşın saxtalaşdırılması deyil, həm də Kremlin bölgədə “tək qələbə sahibi” obrazını yaratmaqla digər xalqları özündən asılı vəziyyətdə saxlamaq istəyindən xəbər verir.

Qərb dünyasının son illərdə faşizmin məğlubiyyəti ilə bağlı təqdim etdiyi alternativ yanaşmalar Rusiya tərəfindən tənqidlə qarşılanır. Xüsusilə ABŞ və Avropa İttifaqının bu qələbədə öz töhfələrini vurğulaması rus millətçiləri tərəfindən “tarixin yenidən yazılması” kimi qələmə verilir. Ancaq maraqlıdır ki, Kreml Qərbin bu mübarizədəki rolunu danarkən, eyni zamanda, Sovet İttifaqının çoxmillətli strukturunu da unudur. “Sovet xalqı” anlayışından qorxan rus şovinizmi, əslində, təkcə keçmiş SSRİ respublikalarının deyil, həm də öz tarixinin bir parçasını inkar edir.

Putin Rusiyasının müasir siyasəti isə bu şovinist xəttin davamıdır. Tarixi təhrif edən, regional xalqların töhfəsini kiçildən və onları “tarixin kənarında qalan” bir element kimi təqdim edən bu yanaşma Rusiyanın bugünkü geosiyasi ritorikasının da təməlində dayanır. Kreml faşizm üzərində qələbəni öz siyasi hegemonluğunu əsaslandırmaq üçün istifadə edir. Bu, yalnız simvolik deyil, əksinə, Rusiya postsovet məkanında keçmiş “tarixi qələbə” kontekstində “yenidən sahiblənmək” iddiasındadır.

Məhz bu səbəbdən də Rusiya Ukraynada başlatdığı müharibəni “denasifikasiya” adı ilə haqlılaşdırmağa çalışır. Bu yanaşma təkcə Qərbə qarşı ritorik müharibə deyil, həm də tarixi reallıqların manipulyasiyası fonunda öz imperial məqsədlərini gizlətmək cəhdidir. Rus şovinizmi bu gün artıq təkcə ideoloji fenomen deyil, o, həm də Kremlin hərbi, diplomatik və siyasi hücumlarının strateji silahına çevrilib.

Tarixi təhrif etmək və onu yalnız rus etnosunun qəhrəmanlıq salnaməsi kimi təqdim etmək cəhdləri, nəticə etibarilə, həm beynəlxalq hüququn, həm də regional təhlükəsizliyin təməl prinsiplərinə ziddir. Faşizm üzərində qələbənin təkcə Rusiya deyil, bütün Sovet xalqlarının, eləcə də müttəfiq Qərb ölkələrinin birgə fədakarlığı ilə əldə edildiyi gerçəyini unutdurmaq, eyni zamanda, yeni bir geosiyasi faşizmin bünövrəsini qoymaq deməkdir – lakin bu dəfə rus şovinizmi adı ilə.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600