Son həftələrdə Azərbaycanla Ermənistan arasında davam edən nizamlama prosesində intensivliyin artması, bununla bağlı müəyyən pozitiv siqnalların ötürülməsi Cənubi Qafqazda dayanıqlı sülhün, nəhayət bərqərar ediləcəyinə zəmin yaradırdı.
Bu prosesin Brüssel, Moskva, Praqa və Soçi “panel”lərində bəzi anlaşmaların əldə olunması, o cümlədən tərəflərin, eləcə də vasitəçilərin səsləndirdikləri bəyanatlar Azərbaycan və Ermənistanın ilin sonuna doğru sülh sazişinin əsas prinsiplərini razılaşdıracaqları qənaətini formalaşdırırdı.
Lakin Ermənistan hakimiyyəti ondan heç də gözlənilməz olmayan məlum davranış yolunu seçərək, prosesin yenidən dalana doğru istiqamətlənməsi üçün növbəti spekulyasiyalara əl atmaqdadır. Göründüyü qədər, İrəvan mövcud şəraitdə istər öz təbiəti, istərsə də kənar təzyiqlər səbəbindən üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaqda qərarlıdır.
Hər halda, Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin bu gün keçirilmiş toplantısında dilə gətirdiyi sərsəm fikirlər məhz bunu göstərir. Paşinyanın bugünkü çıxışında yer alan iddialara əsasən söyləmək mümkündür ki, o deyəsən, 44 günlük müharibədə darmadağın edilən və üzərinə konkret öhdəliklər götürməklə iflasdan qaça bilmiş ölkənin baş naziri olduğunu unudub, yaxud da bunu imitasiya edir.
Paşinyan erməni həyasızlığına xas şəkildə bildirib ki, ölkəsi “sülhün yaranmasına çalışdığı halda, Azərbaycan sülh adı altında Ermənistanın məhvini hədəfləyib”. Bundan başqa, Prezident İlham Əliyevin son çıxışındakı məqamları “ABŞ, Rusiya, Fransa, İran, Avropa İttifaqı üçün təhdid” adlandıran Paşinyan bununla ermənisayaq şantajından da qalmayıb.
Ermənistanın Baş naziri iki il əvvəl imzalanmış üçtərəfli bəyanatın müddəalarını təhrif etməklə, üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa “zəmin” yaratmağa da uğursuz cəhd göstərib. Paşinyan həmin sənəd əsasında Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin mandatının 5 ildən sonra “avtomatik uzadılacağını” iddia etməklə, siyasi həyasızlığının sərhədsizliyini göstərib. Onun çıxışındakı növbəti “şedevr” isə “Dağlıq Qarabağ ətrafında bufer zonanın yaradılması”na dair təklifdir.
Əminliklə deyə bilərik ki, Paşinyanı bu fikirləri bəyan etməyə cəsarətləndirən ona kənardan vəd olunan himayə və dəstəkdir. “Kənar” dedikdə, bu məfhuma istər Qərbdəki müəyyən mərkəzləri, istərsə də Rusiyanın bəlli dairələrini aid edə bilərik. Azərbaycanla Ermənistan arasında nizamlama prosesində Qərblə Rusiyanın rəqabəti göz önündədir. Prosesin hər mərhələsində Qərb və Rusiya tərəflərin məhz onların təklif etdiyi şərtlər əsasında anlaşmalarına çalışır. Ermənistan isə bu ziddiyyətlərdən faydalanaraq daha əlverişli nəticə üçün vurğulanan manipulyasiyalara əl atır.
Amma bu davranış Ermənistanı düşdüyü vəziyyətdən çıxaracaqmı? Buna birmənalı cavab vermək olar ki, yox. Azərbaycan öz şərtlərini də, onlardan geri çəkilməyəcəyini də dəfələrlə bəyan edib. Ona görə də Ermənistan ya üzərinə götürdüyü öhdəlikləri birə-bir yerinə yetirməli, ya da öz məhvini gözə alıb yeni müharibəyə hazır olmalıdır.
“Yeni Çağ” Analitik Qrupu
www.yenicag.az