“Hər bir insanın həyatında psixoloji yorğunluqlar olur. Təbii ki, bunun təsirləri və mənfi cəhətləri də az deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.
Onun sözlərinə görə, bu yorğunluqların səbəbləri müxtəlifdir:
“İlk olaraq məcburiyyət qarşında sevmədiyimiz işdə çalışmaq. Təbii ki, insan sevmədiyi işdə çalışarkən çox yorulur, həvəsdən düşür. Lakin sevdiyimiz işlər həm də insan üçün bir istirahətdir. Sözsüz ki, bu problemi yaradanlardan biri valideynlərdir. Əksər valideyn övladlarının peşəsini özləri təyin edirlər. Bu da, şəksiz ki, sonrakı problemlər üçün zəmin rolu yaradır. Digər bir səbəb isə Azərbaycanda konkret şəkildə iş saatlarının olmasıdır. Məsələn, hər gün səhər saat 8-də işə gedib, axşam 6-da işdən çıxmaq kimi. Belə ki, davamlı şəkildə bu təkrarlandıqda istər-istəməz insanda psixoloji yorğunluqlar olur. Lakin Avropada belə deyil. Hər kəs istədiyi vaxt çalışdığı müəssisədə gedib öz işini həll edib, gələ bilər”.
Psixoloq insanlarda baş verən “yanma sindromu”ndan da bəhs edib:
“Hər gün davamlı şəkildə işləyən insanlarda çox yorğunluqlar baş verir. Biz belə insanlardakı olan bu vəziyyəti “yanma sindromu” adlandırırıq. Bundan əlavə, insanın psixoloji yorğunluğu yalnız işdən ibarət olmur. Belə ki, insan istəmədiyi həyat yaşadıqda, istəmədiyi insanla ailə qurduqda belə psixoloji yorğunluqlara və böyük təsirlərə tuş gəlir”.
G. Orucova psixoloji yorğunluqların fəsadlarından da danışıb:
“Psixoloji yorğunluqların fəsadları da az deyil. Belə ki, psixoloji yorğunluq depressiya, intihar, aqressivlik, əsəbilik və nevroza səbəb olur. Həyat eşqini aşağı salır, yəni psixoloji yorğunluq insanı məhv edir. Psixoloji sarsıntılara məruz qalan insanlara gəldikdə isə belə insanlar daha çox iradəsi zəif, gələcəyə dair heç bir planı olmayan, həyat eşqi sönmüş, özünəinamı olmayan insanlardır. Psixoloji yorğunluqların olmaması üçün daim inanmaq, güvənmək və əhval-ruhiyyəni yüksək tutmaq lazımdır”.
Mayıl Soltanov
www.yenicag.az