Putinin “sülh təşəbbüsü”, yoxsa fürsəti baltalayan TƏXRİBAT? – İstanbuldakı masa BOŞ QALDI
“Putinin mayın 15-də görüşlə bağlı irəli sürdüyü təklif Ukrayna-Rusiya dialoqunun başlanması üçün yaranmış fürsəti pozmaq cəhdindən başqa bir şey deyildi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
O, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda Ukrayna ilə bağlı birbaşa şəxsi danışıqlardan imtina etməsinin səbəblərini şərh edib.
Politoloq bildirib ki, Putin əvvəldən İstanbul danışıqlarında özü şəxsən iştirak etmək fikrində deyildi:
“Çünki, əgər Ukrayna tərəfindən danışıqlarda Volodimir Zelenski iştirak edəcəksə, Putin belə bir masada əyləşmək istəmir. Eyni zamanda, əgər danışıqları ikinci şəxslər aparacaqsa, Putinin orada oturmasına ehtiyac yoxdur.
Məsələ burasındadır ki, Putin mayın 15-də İstanbul görüşünü Amerikanın, Avropanın və Zelenskinin birlikdə irəli sürdüyü təklifi pozmaq məqsədilə alternativ, daha doğrusu, pozucu alternativ kimi ortaya atmışdı. Çünki həm Avropa, həm Zelenski, həm də Tramp bu təklifi dəstəkləmişdilər. 30 günlük atəşkəs sazişi imzalansın daha sonra isə danışıqlar başlasın. Putin isə bu atəşkəs sazişini imzalamaq istəmədiyini açıq şəkildə bildirib. O, ümumiyyətlə, birdəfəlik, qəti və yekun sülh sazişi imzalamaq istəyir”.
Onun sözlərinə görə, Avropa, Tramp və Zelenski belə bir təklif irəli sürdüyü zaman Putin mayın 15-də Ukrayna ilə 2022-ci ildə yarımçıq qalmış İstanbul danışıqlarının davam etdirilməsi təşəbbüsü ilə çıxış etdi:
“Amma bu təşəbbüsü irəli sürərkən, Putin özü də bilirdi ki, bu danışıqlara qatılmayacaq. Zelenski isə dərhal vəziyyətdən istifadə etdi. Təklif səsləndirdi ki, mayın 15-də İstanbulda şəxsən Putinlə üz-üzə görüş keçirilsin. Beləliklə, Putini çətin vəziyyətə saldı. Putin onsuz da İstanbul danışıqlarında iştirak etməyi planlaşdırmırdı. Zelenski əlavə etmişdi ki, əgər Putin görüşə gələcəksə, ikitərəfli qaydada, üz-üzə danışıqlar aparıla bilər. Əgər gəlməyəcəksə, o zaman İstanbulda danışıqların aparılmasının heç bir mənası yoxdur”.
Analitik diqqətə çatdırıb ki, mayın 15-də İstanbul görüşünü Qərbin, Avropanın, Amerikanın və Zelenskinin birgə irəli sürdüyü 30 günlük atəşkəs təşəbbüsünü pozmaq məqsədilə Putin belə təklif səsləndirmişdi:
“Nəticədə vəziyyət bu cür formalaşdı. Məsuliyyət daşıyan tərəf varsa, bu, Rusiya tərəfidir. Çünki mayın 15-də İstanbulda danışıqların aparılması üçün müəyyən olunmuş çərçivə tamamilə məntiqli və qəbulolunan idi. Dövlət başçıları səviyyəsində oturub danışıqlar aparmaq ən ideal çıxış yolu sayılırdı. Əgər Putin doğrudan da özünü qalib hesab edirsə, düşünürsə ki, artıq Ukraynanı diz çökdürüb və Zelenskini məğlub tərəf kimi qarşısında əyləşdirə bilər, o zaman bu danışıqlardan daha münasib fürsət ola bilməzdi”.
“Üstəlik, nəzərə almaq lazımdır ki, həmin danışıqlarda Amerika Prezidenti də şəxsən iştirak edəcəyini bildirmişdi. Lakin görünür, Tramp dərhal anladı ki, Putin bu görüşə qatılmayacaq. Buna görə də görüşə iki gün qalmış, yəni mayın 13-də Tramp bu danışıqlarda şəxsən iştirak etməyəcəyini açıq şəkildə bəyan etdi. Əslində, Putinin mayın 15-də görüşlə bağlı irəli sürdüyü təklif Ukrayna-Rusiya dialoqunun başlanması üçün yaranmış fürsəti pozmaq cəhdindən başqa bir şey deyildi”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli