“Ötən ilin eyni dövrü ilə müqayisədə bu il qida məhsullarında bahalaşma müşahidə olunur”.
Bu sözləri Azərbaycanda qida inflyasiyası rəqəmlərinə münasibət bildirən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında qeyd edib.
O bildrib ki, statistik rəqəmlərdə inflyasiya dərəcəsnin 3-5 faiz aşağı-yuxarı olmasına köklənmək lazım deyil. Əsas problem kimi məhsulların ərsəyə gəlməsində çəkilən xərclərin hər ay, hər həftə, hətta hər gün yüksəlməsidir:
“Artıq Azərbaycanda cütrəqəmli inflyasiya baş verir. Rəsmi qaydada faiz dərəcəsi 12 faiz müəyyənləşdirilmişdir. Birmənalı olaraq daimi şəkildə inflyasiya prosesi baş verməkdədir. Bəs bu prosesin səbəbi nədən ibarətdir? Biz bunu həmişə qeyd etmişik. Səbəb ondan ibarətdir ki, xidmət və ya məhsulun ərsəyə gətirilməsində çəkilən xərclər yüksəkdir. Əsas olaraq buna daxili və xarici faktorlar aid edilir.
Xarici faktorlar dedikdə, bir sıra məhsulların xaricdən idxal edilməsi nəticəsində həmin ölkədə yaşanan qiymət dəyişikliyi Azərbaycanda da bahalaşmaya gətirib çıxaran amildir. Yerli istehsal məhsullarının bir çoxunda istifadə edilən xammal və inqridiyentlər xaricdən idxal edildiyi üçün qiymət faktoruna olan təsir müşahidə edilir.
Qida inflyasiyasından danışarkən xüsusilə kənd təsərrüfatı məhsullarını da nəzərə almaq lazımdır. Yay aylarında bəzi mövsümi məhsulların olması ucuzlaşmaya səbəb olur.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu il qida məhsullarında bahalaşma müşahidə olunur. Yəni soyuq aylar gəldikcə, qida məhsullarında yenidən bahalaşmanın şahidi olacağıq. Bu da istixana şəraitində yetişdirilən məhsullara çəkilən xərcdən irəli gəlir.
Statistik rəqəmlərdə ümumi inflyasiya dərəcəsnin 3-5 faiz aşağı-yuxarı olmasına köklənmək lazım deyil. Əslində problemin səbəbinə nəzər salmaq lazımdır. Səbəb isə odur ki, öncə qeyd etdiyim kimi məhsulların ərsəyə gəlməsində çəkilən xərclərin hər ay, hər həftə, hətta hər gün yüksəlməsidir”.
Yusif Səmədzadə
www.yenicag.az