Rusiya Cənubi Qafqazda təsir rıçaqlarını ARTIRIR – Kremlin gizlin planı NƏDİR?
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun son Ermənistana səfəri iki ölkə arasında münasibətlərin bir sıra çağırışlarla üzləşdiyi dövrə təsadüf etdi. Bu səfərin əsas məqsədi ikitərəfli etimadı bərpa etmək və regional təhlükəsizlik məsələlərini müzakirə etmək idi.
Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşrinin analitik məqaləsində qeyd olunub.
Nəşr yazır ki, tarixən Ermənistan Rusiya üçün Cənubi Qafqazda strateji baxımdan mühüm dayaq nöqtəsi olub ki, bu da həm təhlükəsizlik, həm də iqtisadi layihələr baxımından əhəmiyyət daşıyır. Lakin son illərdə, xüsusilə 2020-ci il Qarabağ müharibəsi və 2023-cü ildəki əməliyyatlardan sonra İrəvanla Moskva arasındakı gərginlik daha da artıb. Bunun əsas səbəblərindən biri Rusiyanın əsas diqqətini Ukraynadakı müharibəyə yönəltməsi və nəticədə Cənubi Qafqazdakı mövqelərindən müəyyən qədər geri çəkilməsi olub. Bu dövrdə bölgədə yeni balanslar formalaşmağa başlayıb və Cənubi Qafqazda digər regional güclər, o cümlədən Türkiyə daha fəal mövqe sərgiləməyə başlayıb. Bu proses hazırda da davam edir. Eyni zamanda, Rusiya üçün bölgədə Qərbin təsirinin artması və region ölkələrinin fərqli tərəfdaşlıqlara yönəlməsi də diqqətçəkən məqamdır.
KİV əlavə edib ki, bununla belə, Cənubi Qafqaz nə Suriya, nə də Liviyadır. Bu region birbaşa Rusiya ilə həmsərhəddir və Moskvanın həyati maraqlarına toxunur. Hazırda Ukrayna məsələsində müəyyən danışıqlar prosesi başlayıb və zamanla bu istiqamətdə müəyyən razılaşmaların əldə olunması mümkündür. Bu isə Rusiyaya digər istiqamətlərdə hərəkət etmək üçün imkanlar açır. Məhz bu səbəbdən Rusiya Cənubi Qafqaza da diqqət yetirməyə və burada maraqlarını irəli aparmağa qərar verib. Xüsusilə nəzərə alsaq ki, Rusiya ilə Ermənistanın maraqları bir çox sahələrdə üst-üstə düşür, elə Lavrovun da “Ermənistanla Rusiya qarşılıqlı inamsızlıq və inciklik mərhələsini arxada qoyub” deməsi təsadüfi deyil. Rusiya tərəfinin fəallığını göstərən digər nüans isə Lavrovun səfərindən sonra Rusiya parlamentinin yuxarı palatasının – Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana gələcək səfəridir.
Əsas suallardan biri də budur: Rusiya Ermənistandakı zəifləmiş mövqelərini bərpa edə və uzun müddətdir əhalinin müəyyən hissəsi arasında zədələnmiş nüfuzunu yenidən qazana biləcəkmi? Bu, bir sıra sahələrdəki inkişafdan asılıdır. İlk növbədə ticarət-iqtisadi amili qeyd etmək lazımdır. Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və iki ölkə arasındakı ticarət dövriyyəsi daim artır.
Qəzet diqqətə çatdırıb ki, Lavrov da səfəri zamanı bu məsələyə toxunaraq bildirib ki, ötən il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 1,6 milyard dollara çatmaqla təsirli nəticə göstərib. Bu cür nəticələr fonunda Ermənistanın Aİİ-dən çıxaraq Aİ-yə inteqrasiya cəhdləri reallıqdan uzaq görünür. Digər tərəfdən, enerji sahəsində də iki ölkə arasında əməkdaşlıq əsaslı xarakter daşıyır. Üstəlik, Rusiya Ermənistanda yeni enerji infrastrukturunun yaradılması istiqamətində addımlar atır. Lakin bölgədə Rusiyanın mövqeyini gücləndirmək üçün hərbi əməkdaşlığın da dərinləşməsi vacibdir. Bunun üçün isə ilk növbədə Ermənistanın regional proseslərdə daha fəal iştirak etməsi və təhlükəsizlik sahəsində mövqeyini gücləndirməsi önəmlidir.
Regional proseslər baxımından Lavrovun səfəri həm də Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi ilə bağlıdır. Rusiya vasitəçi kimi sülh danışıqlarındakı rolunu qorumağa çalışır. Moskva bu rolu yenidən canlandırmaq üçün vaxtaşırı siqnallar verir. Amma bütün bu inkişafların hansı istiqamətdə gedəcəyi ilk növbədə Ukrayna ətrafındakı proseslərdən və Rusiya-Qərb münasibətlərinin dinamikasından asılı olacaq.
Rafi Müslümov