Rusiyanın SİMVOLİKA AZARI – “Nə qədər çabalasa da...”

media-hightechnic-468x90

 

“Rusiya dövləti bu tipli hadisələrdən, simvollardan istifadə etməyə çalışır və bunu xüsusi bir təmtəraqla təqdim etməyə cəhd edir. 9 May isə bu baxımdan xüsusi qeyd olunur. Çünki həm sovet dövründə, həm də hazırkı Putin hakimiyyəti dövründə həmin tezislər davam etdirilir. Təbliğat aparılır ki, guya İkinci Dünya müharibəsində yalnız Sovetlər Birliyi və indi də ancaq rus xalqı qələbə çalıb. Halbuki bu, ciddi bir təhrifdir və tarixin saxtalaşdırılması deməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

media-oqtay-qasimov-5

O, bu gün Moskvanın Qızıl meydanında baş tutan 9 May – Qələbə Günü paradında Rusiya prezidenti Vladimir Putinin çıxışında səsləndirdiyi fikirlər, eləcə də Rusiya dövlətinin sözügedən məsələdəki yanaşmasını şərh edib.

O. Qasımovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, keçmiş Sovetlər Birliyindəki 15 müttəfiq respublikanın hər birindən yüz minlərlə insan müharibəyə cəlb olunmuşdu:

“Konkret olaraq Azərbaycandan 600 min nəfər, yəni ozamankı əhalinin təxminən 40 faizi müharibəyə aparılıb və 300 mindən artıq itki verilib. Bu, qələbənin yalnız rus xalqı ilə əlaqələndirilməsinin yanlış olduğunu açıq şəkildə göstərir. Digər tərəfdən, Sovetlərin qələbəsində Qərb dövlətlərinin, xüsusilə Böyük Britaniya və ABŞ-nin rolu olduqca əhəmiyyətlidir. ABŞ tərəfindən göstərilən hərbi, iqtisadi və maliyyə yardımı bu savaşda həlledici rol oynayıb. İkinci cəbhənin açılması da böyük strateji əhəmiyyət daşıyırdı. Təsəvvür edin ki, 1940-cı illərin hesablamalarına görə, ABŞ-nin Sovetlər Birliyinə verdiyi yardımın dəyəri həmin dövr üçün 496 milyard dollar kimi qiymətləndirilir. Bu isə olduqca nəhəng bir rəqəmdir. Bütün bunları nəzərə almadan, qələbəni yalnız Sovetlərin və ya rusların adına çıxarmaq ən yumşaq ifadə ilə desək, tarixin təhrif olunmasıdır”.

Analitik əmindir ki, Rusiya bu cür günlərdən və hadisələrdən həm də güc nümayişi üçün istifadə etməyə çalışır:

“80 illik yubiley bu baxımdan Putin üçün xüsusi əhəmiyyət daşıyırdı – həm gücünü göstərmək, həm də beynəlxalq aləmə müəyyən mesajlar vermək üçün. Şübhəsiz ki, bu imkanlardan maksimum istifadə olunmağa çalışıldı. Amma hesab etmirəm ki, bu tədbir böyük təsir yaratdı. Onsuz da dünyada gedən geosiyasi dəyişikliklər və ABŞ-nin yeni administrasiyasının siyasəti Rusiyanın bu iddialarını neytrallaşdırdı. Bu yanaşma kökündən yanlışdır”.

“Əlbəttə ki, Rusiya regional gücə sahib, böyük bir dövlətdir. İmperiya ambisiyalarını hələ də qoruyur. Amma bu, onun hər istədiyinə nail olacağı anlamına gəlmir və əksər hallarda ciddi şübhələr doğurur. Bu kontekstdə onu da qeyd etmək lazımdır ki, Çin rəhbəri Si Cinpinin də həmin tədbirdə iştirakı və dünən keçirilən 7 saat yarımlıq görüş göstərir ki, Rusiya nə qədər çabalasa da, bu gün dünyada iki qlobal güc mövcuddur: biri ABŞ, o biri Çin. Digərləri isə onların ətrafında mövcud olan güclərdir ki, bunu qəbul etmək daha doğru olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600