Terrorun “təslim manifesti” və yaxud PKK-nın son akkordu SƏSLƏNDİ
Türkiyəyə qarşı on illərlə davam edən qanlı mübarizədən sonra PKK-nın özünü buraxdığını açıqlaması regionda və beynəlxalq səhnədə ciddi rezonans doğurub. Silahlı separatizmin simvoluna çevrilmiş bu təşkilatın “silahları yerə qoyuruq” bəyanatı təkcə Türkiyə üçün deyil, bütövlükdə Orta Şərq üçün yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.
Maraqlıdır, PKK-nın ləğvindən sonra proseslər necə cərəyan edəcək?
Yenicag.az-a danışan Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay əmindir ki, PKK Türkiyəyə qarşı apardığı mübarizəni uduzaraq, eləcə də dünyada baş verən dəyişiklikləri də nəzərə alaraq özünü buraxmaq və silahları yerə qoymaq qərarı aldığını açıqlayıb.
Onun sözlərinə görə, Əsədin devrilməsindən sonra PKK-nın Orta Şərqdə mövcudluq imkanları azaldığı üçün xüsusilə Türkiyənin Bağdad və Ərbil ilə terrora qarşı imzaladığı ortaq mübarizə razılaşmaları PKK-nın fəaliyyət sahəsini əhəmiyyətli dərəcədə daraldıb:
“PKK mübarizəni uduzmuş bir təşkilat olaraq özünü buraxdığını bildirərkən yeni bir müzakirə sahəsi yaradıb. Mübarizəni yeni mərhələyə və yeni bir sahəyə daşıyaraq özünü buraxmaq fikri ilə Türkiyə Cümhuriyyəti Dövlətindən tələblər irəli sürmək istəməsi gündəmdədir. Konstitusiyada dəyişiklik, respublikanın quruluş prinsiplərinə zidd yeni tələblər – bunlar qəbul edilə biləcək məsələlər deyil. Çünki Türkiyə Cümhuriyyəti Dövləti demokratik, konstitusion və hüququn aliliyinə əsaslanan bir sistem qurmuşdur.
Bu sistem bir zümrəyə, bir tayfaya, bir nəslə və ya bir inanc qrupuna üstünlük vermir, bütün vətəndaşlarına bərabər yanaşır. Bu kontekstdə PKK-nın tələbləri gündəmə gələcək, bunlar müzakirə olunacaq və hər şeydən önəmlisi, “terrordan azad Türkiyə” ifadəsi Türkiyə üçün son dərəcə əhəmiyyətlidir”.
Rafi Müslümov