“Ticarət müharibəsi”nə FASİLƏ – Çin və ABŞ qarşılıqlı asılılığı QƏBUL ETDİLƏR
Dünya iqtisadiyyatının nəbzini tutan iki nəhəng ölkə olan Amerika Birləşmiş Ştatları və Çin yenidən ortaq masa arxasına keçdilər. Uzun illərdir aralarındakı ticarət balanssızlığı, gömrük tarifləri və qarşılıqlı ittihamlarla müşayiət olunan münasibətlər bu dəfə praqmatik bir məcraya yön almağa başlayır.
Analitiklərin fikrincə, hər iki bir-birinə iqtisadi cəhətdən o qədər inteqrasiya olunublar ki, uzunmüddətli ticarət müharibəsi nə Çin üçün qalibiyyət, nə də ABŞ üçün təsirli təzyiq vasitəsidir. Tramp administrasiyasının isə sərt və aqressiv ticarət strategiyası Pekini müəyyən güzəştlərə razı salmağa nail olub və görünür, bu dəfə Ağ Ev istədiyinə çatıb: yüksək tariflərin bir qisminin ləğvi, balanssız idxal-ixrac münasibətlərinin tənzimlənməsi və yeni oyun qaydalarının qurulması.
Yenicag.az-la söhbətində Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı Natiq Cəfərli də təsdiqləyib ki, Amerika ilə Çin onsuz da dünyanın ən böyük ticarət tərəfdaşlarıdır.
Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 750-800 milyard dollara yaxındır və belə bir anlaşmanın əldə olunması ehtimalı əvvəlcədən də kifayət qədər yüksək idi:
“Danışıqlardan çıxan əsas nəticə isə ticarət balansındakı disbalansın azaldılması ilə bağlı oldu. Yəni, ABŞ daha az ixrac edir, amma Çindən daha çox məhsul idxal edir. Bu vəziyyət müəyyən qədər dəyişdiriləcək. Çin bu məsələdə razılıq verib və nəticə etibarilə yaxın zamanlarda tariflərin azaldılması ilə bağlı qərarların açıqlanması gözlənilir.
Ümumilikdə götürdükdə, Çin və Amerika Birləşmiş Ştatları bir-birindən o qədər asılıdır ki, uzun müddətli ticarət müharibəsi aparmaları real deyil. Sadəcə, Trampın taktikasının mahiyyəti ondan ibarətdir ki, böyük təzyiq göstərməklə istədiyinə nail olsun və demək olar ki, o, bu məqsədinə çatdı. Hazırda Çinə qarşı müəyyən tariflər qüvvədə qalacaq, amma əvvəlki kimi yüksək, məsələn, 145 faizlik tariflər ləğv ediləcək”.
Rafi Müslümov