Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sədri olduğu Türk Şurasının mart ayının 31-də videokonfrans formatında keçirilən qeyri-formal sammitində ölkəmizin müstəqillik tarixinin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində uzun illər rəsmi İrəvanın destruktiv siyasətinə görə irəliləyişin olmamasından, Ermənistanın 30 ilə yaxın bir vaxtda beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsindən, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparıldığından, Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimizin dağıdılmasından, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən danışıb.
Azərbaycan Prezidenti münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul edildiyini, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatların da oxşar sənədlər qəbul etdiklərini, lakin Ermənistanın bu qətnamə və qərarların tələblərinə məhəl qoymadığını, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırdığını Sammit iştirakçılarının diqqətinə çatdırıb.
Hələ 2019-cu il oktyabrın 15-də Türkdilli dövlətlərin Bakıda keçirilən VII sammitində çıxış edərkən “Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” – deyən Azərbaycan Respublikasının prezidenti cənab Ali Baş Komandan İlham Əliyev cəmi bir il sonra torpaqlarımızı hərbi yolla işğaldan azad edir və bölgənin mənzərəsini dəyişməklə yanaşı yeni iqtisadi layihələrə, tərəfdaşlıqlara da yol açır.
Müharibənin ilk günlərində (28 sentyabr 2020-ci il) Türk Şurasının Qazaxıstandan olan baş katibi Bağdad Amreyevin adından Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıldı. Bəyanatda deyilirdi:
“Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyir və Ermənistan – Azərbaycan münaqişəsinin təcili olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini bir daha vurğulayır. Bu çərçivədə Türk Şurası BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə geri çəkilməyə çağırdığını xatırladır”.
44 günlük Vətən müharibəsindəki qələbəmiz Azərbaycanın və bütün türk dövlətlərinin tarixinə şan-şöhrət gətirdi. Qürur hissi ilə yanaşı qələbəmiz bölgənin, eləcə də Türk Şurası dövlətlərinin Azərbaycana, regionda yaranmış yeni iqtisadi layihələrə, imkanlara, Türkiyənin bölgədəki gələcək roluna və digər məsələlərə baxışını dəyişdi. 8 noyabr Şuşa qalasının erməni işğalından azad olması artıq Ermənistanın tam kapitulyasıyası demək idi. Bunu anlayan rəhbərlik məcbur olub bu aktı imzaladı. Bu qələbədə Türkiyənin danılmaz rolu, nüfuzu, ən əsası isə qətiyyətli bəyanatları Ermənistanın müttəfiqlərini müharibənin gedişinə müdaxilə etməkdən çəkindirdi. Bu da Azərbaycanın təkbətək döyüşdə tam qələbə qazanmasına imkan verdi. Müharibədə 300-dən çox şəhər və kəndlərimiz azad oldu. Onların arasında Şuşanın yerinin tam fərqli olduğunu hələ də hiss edirik. Məhz buna görə də ölkə başçısı 2021-ci il yanvarın 5-də Şuşanı Azərbaycanın mədəni paytaxtı elan etdi. Yanvarın 14-də isə İSESCO Şuşaya İslam dünyasının mədəni mərkəzi statusu verdi. Türk Şurasının sədri B. Amreyev 2022-ci ildə Şuşa şəhərini Türk Dünyasının mədəni paytaxtı elan edilməsi təklifi ilə çıxış etdi. Tarixi Şuşa şəhərinin Azərbaycan üçün, Türkistanın da Qazaxıstan və mart Sammitindən sonra Türk Dünyası üçün əhəmiyyətini nəzərə alaraq biz də bir çox ortaq dəyərlərə malik olan tarixi Türkistan və Şuşa şəhərlərinin qardaşlaşdırılması təklifini irəli sürürük…
İşğalçı Ermənistan üzərindəki parlaq qələbəmiz, beynəlxalq münasibətlər, güc mərkəzlərinin dəyişməsi, nüfuz və əlaqələr Azərbaycanın bölgədəki inkişafla bağlı planlarını daha qətiyyətlə söyləməyə imkan verir.
II Qarabağ müharibəsində Azərbaycanın Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı altında inamlı qələbəsi həm ölkəmizin, həm də dövlət başçımızın beynəlxalq aləmdəki nüfuzunu daha da artırmışdır. Bu isə Azərbaycanın iştirakçısı olduğu beynəlxalq siyasi, iqtisadi əməkdaşlığın, regional və qlobal əhəmiyyətli layihələrin daha böyük uğurlarla nəticələnməsinə geniş imkanlar yaradır.
Güllü Yoloğlu
Dünya Türkologiya Mərkəzinin rəhbəri
www.yenicag.az