Vaşinqton Təl-Əvivi OYUNDAN ÇIXARIR – İsrailin “toxunulmazlıq qalxanı” ÇÖKƏCƏK?
Son günlərdə beynəlxalq siyasət səhnəsində baş verən hadisələr ABŞ-İsrail münasibətlərində dərin gərginliyin başladığını açıq şəkildə ortaya qoyur. Uzun illər ərzində “sarsılmaz müttəfiqlər” kimi tanınan bu iki dövlət arasında yaranan fikir ayrılıqları artıq strateji əməkdaşlıqdan daha çox siyasi qarşıdurma görüntüsü yaradır. Xüsusilə də Vaşinqtonun son addımları ABŞ-İsrail tərəfdaşlığının köklü şəkildə yenidən formalaşdırılmağa başladığını göstərir.
Vaşinqtonun ilk dəfə HƏMAS-la birbaşa danışıqlara başlaması və bu prosesdən İsrail hökumətini, xüsusilə də Baş nazir Benyamin Netanyahunu tamamilə kənarda saxlaması ABŞ-nin Yaxın Şərq siyasətində radikal dönüşə getdiyini təsdiqləyir. ABŞ-nin bu addımı isə təkcə vasitəçi roluna qayıtmaq cəhdi deyil, həm də İsrailin regiondakı hərbi-siyasi mövqelərinə açıq etiraz kimi görünür. ABŞ bu yeni yanaşma ilə bölgədə alternativ güc balansı yaratmağa çalışır və bu kontekstdə Təl-Əviv artıq əsas oyunçulardan biri kimi deyil, əksinə, prosesdən təcrid edilmiş tərəf kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, bu diplomatik manevrdə HƏMAS-ın verdiyi cavab da diqqətdən kənarda qalmayıb. Təşkilat ABŞ vətəndaşı Edan Aleksanderin azad olunacağını açıqlayaraq, müəyyən qarşılıqlı anlaşma üçün zəminin yarandığını nümayiş etdirdi. Lakin bu prosesin ən kritik məqamı Netanyahu hökumətinin prosesdən tam kənarda saxlanılmasıdır. Bu, onun beynəlxalq legitimliyinə növbəti ciddi zərbə kimi qiymətləndirilə bilər. İsrail daxilində artan daxili narazılıqlar fonunda bu addım Netanyahunun həm daxili, həm də xarici siyasətdə tam izolyasiyaya məruz qaldığını sübut edir.
ABŞ-İsrail münasibətlərindəki bu soyuqluq Donald Trampın son açıqlamaları ilə daha da mürəkkəbləşib. Trampın yaxın günlərdə “önəmli bir bəyanat” verəcəyini deməsi və bəzi analitiklərin onun İsraillə əlaqələri dayandıracağı ehtimalını gündəmə gətirməsi Təl-Əvivdə şok effekti yaradıb. İsrail mediasında Trampa qarşı səsləndirilən təhdidlər isə ABŞ-dəki daxili siyasi qütbləşmənin artıq İsrail siyasətinə də sirayət etdiyini göstərir.
Bütün bu siyasi gedişlərin fonunda “The New York Times” qəzetinin “Bu İsrail rəhbərliyi bizim müttəfiqimiz deyil” başlıqlı yazısı yalnız medianın mövqeyini deyil, ABŞ ictimaiyyətində və siyasi elitalarında İsrailə qarşı yaranan yeni münasibətləri əks etdirir. Bu cür sərt tənqidlər İsrailin ABŞ ictimai rəyində “toxunulmaz müttəfiq” statusunu itirməyə başladığını göstərən ciddi əlamətlərdir.
Digər bir vacib aspekt isə İsrailin son onilliklərdə ABŞ dəstəyi ilə həyata keçirdiyi hərbi və kəşfiyyat siyasətinin artıq tənqid hədəfinə çevrilməsidir. Xüsusilə də Hindistan-Pakistan xəttindəki gərginlikdə İsrailin mümkün rolu və ABŞ silahları ilə Yaxın Şərqdə alovlanan münaqişələrə dair iddialar Təl-Əvivin beynəlxalq reputasiyasını ciddi zədələyir. Əgər bu tendensiya davam edərsə, İsrailin indiyədək mövcud olan “toxunulmazlıq qalxanı” çökə və bu dövlətin beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb edilməsi real gündəmə çevrilə bilər. Bu da təkcə Yaxın Şərqdə deyil, bütövlükdə qlobal güc balansında yeni bir mərhələnin başlanğıcı demək olacaq.
Rafi Müslümov