XXI əsrin kommunikasiya MODELİ: Putin və Si Cinpin qlobal sistemə qarşı ALTERNATİVLƏR QURURLAR
“Çin liderinin səfəri Pekinin Rusiya-ABŞ münasibətlərinin inkişafı fonunda narahat olmadığını göstərir”.
Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Qərbə qarşı Çinlə birlik olmasının mümkün nəticələrini təhlil edən beynəlxalq münasibətlər üzrə Sergey Bobilev deyib.
O, qeyd edib ki, Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin arasında mayın 8-də baş tutan danışıqlar iki ölkə arasında münasibətlərin tarixin ən yüksək səviyyəsinə çatdığını təsdiqlədi.
“Putin bu əlaqələri “21-ci əsrdə dövlətlərarası kommunikasiya modeli” adlandırdı. Si Cinpin isə ikitərəfli münasibətlərin sabit və yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı. Görüşdə əsas mövzular arasında enerji əməkdaşlığı, tarixi yaddaşın qorunması və ticarət əlaqələri yer aldı. Eyni zamanda, ekspertlər hesab edir ki, qapalı hissədə ABŞ-nin sanksiyaları və Rusiya-Çin münasibətlərinin gələcəyi də müzakirə mövzusu olub”.
Onun sözlərinə görə, Si Cinpin Rusiya paytaxtında Qələbə Günü tədbirlərində əsas qonaq kimi iştirak edib və Çin hərbçiləri Qırmızı Meydandakı paradda ən böyük xarici kontingent kimi çıxış ediblər:
“Bu səfər təkcə rəsmi səviyyədə deyil, həm də ictimaiyyət tərəfindən səmimiyyətlə qarşılanıb. Çin liderinin qaldığı otelin qarşısında toplaşan insanlar, Rusiya və Çin bayraqları ilə onu alqışlayıblar. Bu, Si Cinpinin 2015-ci ildən sonra Qələbə Günündə Rusiyaya ikinci səfəridir. Danışıqlar zamanı hər iki lider ölkələrinin İkinci Dünya Müharibəsində verdiyi qurbanları yad edib və birgə tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıblar”.
Mütəxəssis əmindir ki, Çin liderinin səfəri Pekinin Rusiya-ABŞ münasibətlərinin inkişafı fonunda narahat olmadığını göstərir:
“Rusiya tərəfi Çinlə strateji əlaqələrdə şəffaflığı qoruyur – Putin Vaşinqtonla təmaslar barədə şəxsən Si Cinpinə məlumat verib. Bu cür şəffaf dialoq iki ölkə arasında etimadı daha da artırır və ABŞ-nin sanksiya təzyiqlərinə baxmayaraq, Rusiya-Çin əməkdaşlığına xələl gətirmir. Həmçinin liderlər çoxqütblü dünya nizamı və beynəlxalq ədalət naminə birgə strateji əməkdaşlığın vacibliyini vurğulayıblar”.
“Danışıqların iqtisadi hissəsində enerji sektorundakı əməkdaşlıq xüsusi yer tutub. Rusiya Çinə neft və qaz ixracında lider mövqedədir, “Sibirin gücü-2” layihəsinin sürətləndirilməsi üçün göstərişlər verilib. Ticarətin böyük hissəsi artıq rubl və yuanla həyata keçirilir. Humanitar əlaqələr də genişlənir – “Qırmızı İpək” filmi bu əməkdaşlığın uğurlu nümunələrindən biridir. Eyni zamanda media sahəsində də əməkdaşlıq güclənir, iki ölkənin media qurumları arasında müqavilələr imzalanıb. Görüşün nəticəsi olaraq Rusiya və Çin nümayəndələri 30-dan çox sənəd və memorandum imzalayıb, əsas bəyanat isə hərtərəfli tərəfdaşlığın dərinləşdirilməsinə və tarixi yaddaşın qorunmasına həsr olunub”, – deyə o fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli