Yeniyetmələrin onlayn oyun ASILILIĞI – Problemin gözlə görünməyən ÜZÜ

media-hightechnic-468x90

 

Son illərdə texnologiyanın sürətli inkişafı həyatımızın bir çox sahəsinə təsir göstərib. Xüsusilə də onlayn oyunlar, demək olar ki, hər yaşda insanın gündəlik vərdişinə çevrilib. İndi artıq uşaqdan böyüyə hər kəs telefonda hansısa virtual uğur qazanmağa çalışır.

İctimai nəqliyyatda belə bu mənzərə ilə qarşılaşırıq: bir tərəfdə yeniyetmə yarış oyunu oynayır, digər tərəfdə isə orta yaşlı bir şəxs virtual ev təmizləyir və ya bağ salır.

 

Bu oyunlar ilk baxışda əyləncəli və zərərsiz görünə bilər. Amma çox təəssüf ki, bəzi hallarda bu maraq artıq ciddi asılılığa çevrilir. Onlayn oyun asılılığı, insanın oyun oynamaq istəyinə nəzarət edə bilməməsi və bu səbəbdən həyatının digər sahələrində – dərslərdə, ailə və dost münasibətlərində, hətta yuxu rejimində problemlər yaşaması ilə xarakterizə olunur. Ümumdünya Səhiyyə Təşkilatı da bu vəziyyəti ciddiyə alaraq 2018-ci ildən etibarən “Gaming Disorder” adlı psixoloji pozuntu kimi rəsmi şəkildə tanıyıb.

Araşdırmalar göstərir ki, Almaniyada 12-17 yaş arasında olan yeniyetmələrin 79%-i demək olar ki, hər gün onlayn oyun oynayır. Azərbaycanda da vəziyyət fərqli deyil. Xüsusilə pandemiya dövründə uşaqların uzun müddət evdə qalması, onlayn təhsilə keçid və boş vaxtlarının artması bu problemi daha da gücləndirib. Bu məsələyə qarşı bəzi ölkələr artıq tədbirlər görməyə başlayıb. Məsələn, Çində hökumət yeniyetmələrə həftədə cəmi 3 saat oyun oynamağa icazə verir. Cənubi Koreyada isə uşaqlar gecə saatlarında oyun oynaya bilmirlər, çünki sistem avtomatik olaraq bloklanır.

Bəs biz bu problemi necə həll edə bilərik?

Vaxt bölgüsü: Yeniyetmələr üçün oyun, dərs, ailə və istirahət arasında düzgün balans yaradılmalıdır;

Ailədə dəstək: Valideynlər qadağa qoymaq əvəzinə uşaqları ilə açıq və anlayışlı şəkildə söhbət etməli, lazım gəldikdə birlikdə oyunlar oynayaraq münasibətləri gücləndirməlidirlər;

Maarifləndirmə: Məktəblərdə psixoloqlar və müəllimlər bu mövzu ilə bağlı şagirdlərə düzgün rəqəmsal davranış və texnologiyadan istifadə mədəniyyəti barədə maarifləndirici tədbirlər keçməlidirlər;

Alternativ fəaliyyətlər: İdman, musiqi, kitab oxuma, könüllülük layihələri kimi maraqlı və inkişaf etdirici məşğuliyyətlər asılılıq riskini azalda bilər.

Qeyd etmək lazımdır ki, texnologiya və onlayn oyunlar həyatımızın bir hissəsidir və onları tamamilə qadağan etmək mümkün də deyil, doğru da… Əsas məsələ bu vasitələrdən düzgün və ölçülü şəkildə istifadə etməyi öyrənməkdir. Əgər biz balansı qoruyur, oyunların həyatımıza nə qədər yer tutduğuna nəzarət edə biliriksə, bu, problemə çevrilməz. Amma nəzarətsiz və həddindən artıq istifadə zamanı oyunlar bizi idarə etməyə başlayır – bu da artıq təhlükədir. Ona görə də bu məsələyə həm biz yeniyetmələr, həm də valideynlər və müəllimlər ciddi yanaşmalı, hər kəs öz məsuliyyətini dərk etməlidir.

Araşdırmaçı sosioloq Məhbubə Mehdiyeva

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600