“Yuğ”u məbədə çevirən VAQİF İBRAHİMOĞLU: Sizi sevgi ilə ANIRIQ

media-hightechnic-468x90

Yadımdadır, 2000-ci illərin əvvəllərində Azərbaycan teatrlarında bir coşqu yaşanırdı. Xüsusən “Yuğ” Teatrına böyük tamaşaçı axını var idi. Bu da teatrın yaradıcısı və baş rejissoru, novator rejissor Vaqif İbrahimoğlunun adı ilə bağlı idi. Hər kəs onun yenilikçi bir rejissor olduğunu bilirdi və işdən sonra özünü teatra yetirirdi. Bilirdik ki, gərgin iş qrafikindən sonra onun səhnə həlli ilə ərsəyə gələn tamaşalarına baxıb sözün əsl mənasında istirahətin dadını çıxaracağıq. Bu mənada, İbrahimoğlunun teatrı insanların ruhunun dinclik tapdığı bir sənət məbədinə çevrilmişdi. Burada həm dincəlirdik, həm düşünürdük, həm də zövq alırdıq.

Bu gün anım günündə onu sevgi, bir qədər də nisgillə xatırlayıram. Çünki yeri çox görünür ustad sənətkarın.

İbrahimoğlu yalnız tamaşalara quruluş vermirdi, eyni zamanda, məktəb idi, davamçılarını yetişdirirdi. İncəsənət Universitetini bitirib teatra gələn neçə-neçə gənc aktyora teatrın incəliklərini öyrədirdi, səhnə sirlərini bölüşürdü. Bu gün handa bir özündən deyən nə qədər aktyor və aktrisa sənət taleyində yandırdığı işığa görə məhz ustada – Vaqif İbrahimoğluna borcludur. Onlar İbrahimoğlu məktəbinin yetirmələri kimi fəxr edirlər.

Vaqif İbrahimoğlu təkcə teatrda deyil, eyni zamanda da kinoda da sözünü deyən sənətkarlardan idi. Milli kinomuzun incilərindən sayılan “Otel otağı”, “Qəm pəncərəsi”, “Dantenin yubileyi” və onlarla filmdə yaddaqalan, bənzərsiz, eyni zamanda, koloritli obrazlar yaradıb.

Nəhayət, Vaqif İbrahimoğlu həm də maraqlı müsahib idi. Hərçənd əlçatan müsahiblərdən deyildi. Onunla müsahibə almaq üçün ən azı İbrahimoğlu yaradıcılığına bələd olmaq lazım idi. Yəqin ki, bu şərəfə layiq ola bilmişdim. Çünki bütün premyeralarına şəxsi dəvəti ilə qatılırdım. Bu gün onun özü, sözü, söhbətləri və tamaşaları üçün çox darıxmışıq.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600