Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan yoxlama nəticəsində qurumda 7 milyon manatlıq yeyinti aşkarlanıb.
Yenicag.az-a daxil olan məlumata əsasən, fəaliyyəti dövründə barəsində narazılıq və şikayətlərin səngimədiyi BNA-nın sədri Vüsal Kərimliyə yoxa çıxarılmış iri həcmdə dövlət vəsaitinin geri qaytarılması üçün 1 həftə vaxt verilib.
BNA-da aparılan yoxlamalarla əlaqədar qeyd olunur ki, qurumun büdcə vəsaitləri hesabına həyata keçirdiyi miqyaslı layihələrin icrası zamanı külli miqdarda mənimsəmələrə yol verilib.
Konkret olaraq bildirilir ki, yolların çəkilişi və təmiri çərçivəsində quraşdırılmalı olan və hərəkətin təhlükəsizliyini təmin etməli olan 5 kilometr uzunluğunda xüsusi metal məhəccərlərin çatışmazlığı aşkar olunub.
Bundan başqa, səkilərin kənarına düzülən bordyur daşları isə sənədləşmədə BNA-nın özünə məxsus materialı kimi rəsmiləşdirilib. Həmçinin səkilərə döşənən tamet örtüyünün altına vurulmalı olan möhkəm beton təbəqənin də yalnız kağız üzərində mövcud olduğu üzə çıxarılıb.
Bu və digər faktlar BNA rəhbərliyini olduqca çətin vəziyyətə salmaqla yanaşı, qurumun sədri Vüsal Kərimlinin başı üzərindəki “qara buludları” xeyli sıxlaşdırıb. Əldə olunan məlumata görə, Vüsal Kərimli işdə yol verdiyi ciddi nöqsanlar və aşkarlanan yeyinti faktları səbəbindən yuxarı instansiyaların qəzəbinə tuş gəlib və o, artıq iki aydır, vəzifəlin şəxslərin qəbuluna düşə bilmir.
Bildirilir ki, əl atdığı ciddi qanunsuzluqlar üzündən bağışlanması istisna edilən Vüsal Kərimliyə gələn həftənin sonuna kimi vaxt verilib: BNA sədri ya talanan dövlət vəsaitlərini yerinə qaytarmalı, ya da aşkara çıxarılan faktlar araşdırılmaq üçün prokurorluğa göndəriləcək.
Amma bunlar da BNA və Vüsal Kərimli ilə bağlı son məlumatlar deyil. Yayılan digər məlumatlarda isə BNA ilə Vüsal Kərimlinin aqibətinin artıq geniş mənada müəyyən edildiyi bildirilir. Bakupost.az-ın əldə etdiyi informasiyaya əsasən, BNA-nın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi nəzərdə tutulur.
Bu isə özünü doğrultmayan daha bir dövlət qurumunun sonu olmaqla yanaşı, korrupsiyaya qurşanmış yüksək məqamlı məmurun həbsi və ya çox sərt şəkildə cəzalandırılması anlamına gəlir.
Qeyd edək ki, BNA-nın fəaliyyəti artıq uzun müddətdir, ictimaiyyətin ciddi narazılığı ilə müşayiət olunur. Tıxacların qarşısını ala bilməyən, yalnız kosmetik işlərlə məşğul olan bu qurumun son zamanlar qeyri-şəffaf fəaliyyəti də hökumətin ciddi reaksiyasına səbəb olub. Təsadüfü deyil ki, BNA-nın daxilində olan ən böyük qurum – “Baku Bus” MMC qurumdan alınaraq, İnvestisiya Holdinqinə verildi və “Baku Bus” MMC-nin Müşahidə Şurası yaradıldı. Müşahidə Şurasının yaradılması isə bu qurumun maliyyə əməliyyatları ilə bağlı ciddi şübhələrdən irəli gəlir.
BNA-nın illik gəlirləri barəsində açıqlaması da ictimaiyyət və ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə BNA-nın keçirdiyi şübhəli tenderlər, sürücülər üçün uniformaya həddən artıq şişirdilmiş məbləğdə pul xərclənməsi medianın aramsız tənqidlərinə səbəb olub.
www.yenicag.az