“Tarixini unutmayan xalqın gələcəyi var” – Oljas Süleymenov ilə MÜSAHİBƏ

media-hightechnic-468x90

 

Yenicag.az Qazaxıstanın tanınmış yazıçısı, şair, ictimai-siyasi xadim Oljas Süleymenovun “Novaya Epoxa”ya eksklüziv müsahibəsindən xülasələri təqdim edir.

— Oljas Öməroviç, salam! Saytımızın suallarını cavablandırmağa vaxt ayırdığınız üçün təşəkkür edirik.

— Salam. Söhbətimizə şadam və ümid edirəm ki, oxucular üçün faydalı olacaq. Qalan vaxtımı xırda şeylərə sərf etməməyə çalışıram. Ciddi məsələləri isə qısa müzakirə edirik.

— Siz Azərbaycan xalqının və ölkəmizin böyük dostusunuz. Həmişə bizim yanımızda olmusunuz, hətta ölkəmiz üçün ən çətin illərdə də. Ümummilli liderimiz Heydər Əliyevlə tanışlığınız necə baş vermişdi? Onu necə xatırlayırsınız?

media-media-img_7590-subep6

— Mən onu ölkəsinin əsl lideri kimi xatırlayıram – həm milli, həm də planetar miqyasda düşünən bir şəxsiyyət. O, hər bir yazıçıda və ya ictimai xadimdə istedad qığılcımını görüb onu inkişaf etdirən və dəstəkləyən müdrik rəhbər idi. 1975-ci ilin iyununda Azərbaycanda Sovet Ədəbiyyatı Günləri keçirilirdi və məni də iştirak üçün dəvət etmişdilər. Həmin günlərdə SSRİ-nin bütün respublikalarından gəlmiş yazıçılar Bakıda çıxış edirdilər. Vida süfrəsini isə respublikanın rəhbəri şəxsən özü təşkil etmişdi. Biz yazıçılara çıxışlarımıza görə təşəkkür sözləri söyləndi, sonda isə o, mənim üçün gözlənilməz şəkildə dedi: “Oljas təkcə qazaxlara yox, bütün türklərə lazımdır!”

Sonralar bu sözləri düşünərkən başa düşdüm ki, Heydər Əliyev o zaman yeni çıxmış “Az i Ya” kitabımı belə qiymətləndirmişdi. Həmin süfrədə deyilən sözlər mənim üçün illərlə davam edəcək işimdə xüsusi bir tövsiyə oldu. Bu iş altmışıncı illərdə başlamışdı və bu günə qədər davam edir. Hazırda mənim rəhbərlik etdiyim YUNESKO nəzdində Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzi beynəlxalq elmi konfranslar keçirir. Burada alimlər və mədəniyyət xadimləri bütün bəşəriyyət üçün vacib olan mövzuları araşdırır və müzakirə edirlər. Xüsusi diqqət və təhlil türklərin tarixi fəallığı mövzusuna yönəlir – e.ə. IV minillikdən başlayaraq bu fəallıq yeni əsrlərdə də liderlərin xarakterində təzahür edib.

Həmin liderlərdən biri – Heydər Əliyevin yarım əsr əvvəl qazax şairinə ünvanladığı sözlər onun türklərin mədəni tarixini dünyaya açmaq zərurətinə inamını daha da möhkəmləndirdi. Əminəm ki, zamanla bu biliklər xalqların özünüdərk səviyyəsinə çevriləcək.

— Azərbaycanlı yazıçılardan kimlərlə əlaqəniz var?

— Biz hələ də Anarla dost münasibətlərimizi saxlayırıq. Tarixçi-memuarist və publisist Elmira Axundova da bizim mədəni tədbirlərimizdə fəal iştirak edir. Yaxınlarda Almatıda “Az i Ya” kitabının 50 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Azərbaycandan güclü bir nümayəndə heyəti gəlmişdi: Salim Babullaoğlu, Nizami Cəfərov, Rafiq Qasımov, Azər Turan, Telman Cəfərov, Ağaverdi Xəlilov. Onların çıxışları bizim mövzunun inkişafı üçün özünəməxsus şəkildə məzmunlu və faydalı oldu.

— Öz əsərlərinizdən hansını ən uğurlu hesab edirsiniz?

— Əsas fikrimi ifadə edə bildiyim əsəri. Son aylarımı “Osiris Qanunu”na – mənim əsas kəşfimə həsr etmişəm. İnsanlıq tarixini zəif bilirik. XIX əsrin əvvəlində Napoleon Misiri dünyaya tanıtdı, alimlər bu ölkənin xarabalıqlarını araşdırmağa başladılar və onun təxmini yaşını – e.ə. III minillik kimi müəyyən etdilər. Beləliklə, bəşər tarixi bir neçə minillik geri çəkildi.Bir neçə min il əvvəl insanlıq (və ya onun ayrı-ayrı növləri) artıq işarəvi yazıdan istifadə edirdi.

— Oljas Omaroviç, ədəbi və elmi fəaliyyətinizlə yanaşı, dünya “Nevada-Semipalatinsk” Hərəkatını da xatırlayır. Yaxınlarda dərc olunan “Biz xatırlayırıq…” adlı məqalənizdə siz Qlobal Antinüvə Alyansının və sizin yaratdığınız SSRİ, ABŞ və Böyük Britaniya arasında parlamentlərarası nümayəndə heyətinin fəaliyyətindən bəhs etmisiniz…

— Bəli, bu, möhtəşəm bir imkan idi. 1991-ci ilin yanvarında biz nüvə silahından dünya miqyasında imtina etməyə heç vaxt olmadığı qədər yaxın idik. BMT-nin Baş Qərargahında bütün antinüvə, müharibə əleyhinə və ekoloji hərəkatları birləşdirərək təsis konfransı zamanı mən beynəlxalq parlament referendumunun keçirilməsini təklif etdim. Dünya üzrə təxminən 200 parlament bu suala cavab verməliydi: “Nüvə silahı bizim ölkəyə və bəşəriyyətə lazımdırmı?”

İndi isə biz dəhşətlə televizordan ayrıla bilmirik – ABŞ, İran, İsrail, Fələstin, Hindistan, Pakistan, Ukrayna bir-birini bombalayır… Bu bəlalara səbəb olan bacarıqsız siyasətçilərin səhvləridir.

Hazırda biz yenə də uçuruma yaxınlaşmışıq – buradan sonra yol yoxdur. Amma dünyanı fəlakətə aparan bu son heç bizi – bu Yer üzündəki insanları, nə də bircə xalqı razı sala bilməz. Xalqlarımız belə bir sonu haqq etməyib. Biz uzun və yaradıcı həyat illərinə və əsrlərinə layiqik. Bu anlayış bizə həmin dövrün və hadisələrin xatirəsini daha da əhəmiyyətli edir. Hərəkatımızın tarixçilərə bəxş etdiyi dünya əhəmiyyətli tarixlərə, böyük imkanlara olan xatirəni yaşadır. Və biz hökumətlərə arzu edirik – bunları unutmasınlar, qalan vaxtdan istifadə etsinlər, hələ çox gec deyil.

— Ümid edirik ki, bəşəriyyət və onun liderləri sizin çağırışınızı eşidəcəklər. Azərbaycan xalqına arzularınız…

media-media-vstrecha-prezidenta-azerbaydzhana-ilkhama-alieva-s-olzhasom-suleymenovym-uz3bq2

— Tarixini unutmayan xalqın gələcəyi var. Mən bunu bilirəm, çünki ağır vaxtlarda Azərbaycanın yanında olmuşam. Azərbaycan xalqı həyat və gələcəyə davam etmək imtahanından uğurla keçdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin “Bakinski raboçi” qəzetində qazax şairinə ünvanladığı sözlər də xatırladır:

“Ölkəmiz üçün ən ağır zamanlarda Siz Azərbaycan xalqının yanında oldunuz… Biz bunu unutmuruq və yüksək qiymətləndiririk. Azərbaycan xalqı Sizi və yaradıcılığınızı sevir. Sizin vətəndaş mövqeyiniz böyük hörmətə layiqdir.”

Yalnız birlikdə, bir-birimizi dəstəkləyərək biz zirvəyə yüksəlirik. Bu qarşılıqlı asılılıq formulu həm fərdi təcrübədə, həm də xalqlar və dövlətlər üçün keçərlidir. Müstəqillik dövrü şairlər və siyasətçilər üçün bizim ümumi qarşılıqlı asılılığımızı dərk etmək zamanıdır. Biz getdikcə daha çox anlayırıq ki, cəmiyyətdə siniflər, qonşu xalqlar həmişə bir-birindən asılı olublar, lakin bu həyati şərti dərk etməyiblər. Biz, yazıçılar isə xalqlarımıza bunu anlatmağa yardım etməliyik.

Qoy əziz Azərbaycanda başlanmış hər bir təşəbbüs “ali” anlamlar qazansın. Və Azərbaycan xalqı həm sayca, həm keyfiyyətcə böyüməyə davam etsin.

Cəmilə Çebotaryova

Tərcümə: Rafi Müslümov

Məqaləni buradan oxuya bilərsiniz.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600