9 aylıq fasilədən sonra İLK DƏFƏ – Moskva daşı ətəyindən TÖKÜR?
Rusiya mediasının iddiasına görə, Kreml son dövrlərdə Azərbaycanla gərginləşən münasibətlər fonunda rəsmi Bakı ilə yüksək səviyyəli görüş təşkil etmək istəyir.
Bildirilir ki, görüş baş tutarsa, əsas müzakirə mövzusu iki ölkə arasında münasibətlərdə yaranan gərginliyi aradan qaldırmaq, habelə ötən ilin dekabrında Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsinin qəzasının səbəblərini aydınlaşdırmaq olacaq.
Bundan əlavə, qeyd olunub ki, gündəliyə Rusiyada həbs edilən azərbaycanlıların taleyi ilə bağlı məsələ də daxil ediləcək.
Məsələ ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, dövlətlərin və xalqların dəyişməz reallıqları arasında elə bir amil mövcuddur ki, bu hər zaman nəzərə alınmalıdır:
“Söhbət, heç şübhəsiz ki, coğrafi mövqedən gedir. Bu dəyişməz fakt Azərbaycan və Rusiyaya da aiddir, çünki iki ölkə yaxın qonşudur. Üstəlik, biz bir-birinə çox inteqrasiya olunmuş ölkələrik. Prezident İlham Əliyev də çıxışlarında bildirib ki, biz coğrafi mövqeyimizin müsbət tərəflərindən istifadə edirik. Münasibətlərimizin gərginləşməsi nə Rusiyaya, nə də Azərbaycana fayda verir. Bu baxımdan, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün yüksək səviyyəli görüşün keçirilməsini vacib hesab edirəm. Çünki son vaxtlar iki ölkə arasında münasibətlərdə gərginliyin yaranmasına səbəb olan məsələlər var. Həmin məsələlər görüşdə yüksək səviyyəli rəsmilər arasında müzakirə olunmalıdır. Təbii ki, belə bir görüş baş tutarsa, Azərbaycanın deyəcəyi sözlər çoxdur”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanla Rusiya arasında yüksək səviyyəli görüş keçirilsə, məsələləri müzakirə edərək ümumi bir qərara gəlmək mümkündür:
“Hər iki ölkə müttəfiq və strateji tərəfdaşdırlar. Amma rəsmi Bakı və Moskva arasında son vaxtlar baş vermiş hadisələr, dövlət başçıları tərəfindən imzalanmış “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ruhunu əks etdirmir. Düşünürəm ki, bütün problemlər bir daha nəzərdən keçirilməli və bu vacib sənədin mahiyyətini əsas tutmaq lazımdır. Bizim taleyimiz eyni coğrafiyada qonşu ölkələr olaraq yaşamaq üzərində qurulmuşdur. Bu, bizdən fikir ayrılıqlarının dərinləşdirilməsini deyil, müzakirə olunaraq aydınlıq gətirməyi və münasibətlərin normallaşdırılmasını tələb edir. Coğrafi mövqe bəllidir, siyasət isə impulsiv qərarları sevmir. Odur ki, görüş zamanı bir-birinə inteqrasiya olunmuş ölkələr olaraq bütün məsələlərə üfüqi formatda, sayıq yanaşmanı əsas tutaraq baxmaq lazımdır”.
Məlik Məlikov