“İstənilən halda, valyuta məzənnələrinin proqnozlaşdırıla bilən olması bazar üçün yaxşı haldır”.
Bu fikirləri “Fithc Solutions” beynəlxalq maliyyə təşkilatının Azərbaycanda 2027-28-ci illərdə manatın dollar qarşısında məzənnəsinin 1,75-1,80 həddində olacağına dair proqnozunu şərh edən iqtisadçı Elşən Bağırzadə Yenicag.az-a açıqlamasında bildirib.Onun sözlərinə görə, Mərkəzi Bankın manatı dollar qarşısında sabit saxlamasının əsas məqsədi idxal inflyasiyasının qarşısını almaqdır:
“İqtisadiyyatda belə proqnozlar həmin anda bəlli olan şərtlər çərçivəsində verilir. Proqnoz daha uzun müddəti əhatə etdikcə, onun etibarlılıq dərəcəsi də aşağı düşür. Görünür, “Fitch” də müəyyən şərtlər çərçivəsində bu proqnozları irəli sürüb.
Ancaq unutmayaq ki, böyük iqtisadçı Keynesin də dediyi kimi, uzaq perspektivdə hamımız ölüyük. Yəni 2028, 2033-cü illər üçün manatın məzənnəsini doğru-düzgün proqnozlaşdırmaq mümkün deyil. Çünki bu proqnozları verənlər də zaman-zaman öz yanaşmalarına müəyyən korrektələr edirlər.
Bizim ictimaiyyət bir məsələni bilməlidir ki, Azərbaycan manatının məzənnəsi sabit deyil. Daha doğrusu, manatın sadəcə, dollar qarşısında məzənnəsi sabitdir. Dolların digər valyutalar qarşısında məzənnəsi dəyişdikcə, Azərbaycan manatının da həmin valyutalara nisbətdə məzənnəsi müvafiq qaydada dəyişir.
İqtisadi ədəbiyyatda biz buna manatın dollara “peg” (pərçimlənməsi) edilməsi deyirik. Yəni Mərkəzi Bank Azərbaycan manatının yalnız dollar qarşısında məzənnəsini sabit saxlayır. Gördüyünüz kimi, digər valyutalar – avro, lirə, rubl və digər ölkələrin valyutalarına nisbətdə manat sabit deyil.
Mərkəzi Bankın manatı dollar qarşısında sabit saxlamasının da əsas məqsədi idxal inflyasiyasının qarşısını almaq, yerli istehsalın böyük ölçüdə olan idxal komponentlərinin bahalaşmasına yol verməməkdir. Bu gün Azərbaycana idxal edilən məhsullarda hesablaşma əsasən, dollarla aparılır. Manatın dollar qarşısında məzənnəsi yüksələrsə, manat ifadəsində demək olar ki, bütün idxal məhsullarının qiyməti qalxacaq.
“Üzən məzənnə” şübhəsiz ki bazar iqtisadiyyatı qaydalarına ən uyğun olan məzənnədir. Ancaq bu idxaldan asılılığı yüksək olan bizim kimi ölkələrdə yerli istehsal və inflyasiya baxımından, yüksək risklər daşıyır. Ona görə də, Mərkəzi Bank belə bir riskə getmək istəmir.
Nə qədər ki Azərbaycanın valyuta ehtiyatları buna imkan verir, bu siyasəti davam etdirmək mümkündür. Lakin valyuta ehtiyatları buna imkan verməyəndə, məcbur olub həmin siyasətdən əl çəkəcəyik. Çalışmaq lazımdır ki, ölkənin qeyri-neft sektoru inkişaf etsin, qeyri-neft ixracımız ölkəyə valyuta axınının əsas və davamlı mənbəyi olsun.
O zaman “üzən məzənnə”ni tam şəkildə tətbiq etmək də çətin olmayacaq. Ancaq istənilən halda, valyuta məzənnələrinin proqnozlaşdırıla bilən olması bazar üçün yaxşı haldır. Hətta tam “üzən məzənnə”yə keçid etsək belə, Mərkəzi Bank kəskin məzənnə dəyişikliklərinə müdaxilə edə bilmək imkanında və iqtidarında olmalıdır”.
Yusif Səmədzadə
www.yenicag.az