44 günlük zəfər türk dünyası əlaqələrini möhkəmləndirdi: Zəngəzur dəhlizi regional əməkdaşlığı necə dəyişəcək?
“Zəngəzur dəhlizi açıldıqdan sonra yarana biləcək problemlər gündəmə gəldikdə, bu, təkcə Azərbaycanın səsi olmayacaq. Həmin 8 ölkənin və onların minlərlə təşkilatı özündə birləşdirən vətəndaş cəmiyyətlərinin də səsi olacaq”.
Yenicag.az xəbər verir ki, bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqının birliyi, Türk dünyasının dəstəyi və Zəngəzur dəhlizinin açılmasının regional əməkdaşlığa təsiri, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) keçirdiyi tədbir barədə danışıb.
Ç. Qənizadə bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının Ali Baş Komandanın və Azərbaycan Ordusunun yanında birmənalı şəkildə dayanması bizim gücümüzü qat-qat artırdı.
“Azərbaycana qarşı dişini qıcamış dövlətlər, onların senatları, parlamentləri və digər qurumları gördülər ki, bu, təkcə Prezident İlham Əliyevin yox, onun 10 milyonluq xalqının mövqeyidir. Çətin anlarda bizi Türk dünyası dövlətlərinin dəstəkləməsini istəyirdik. Onlar da dəstəklədilər. Türkiyə bir formada, digər qardaş türk dövlətlərimiz başqa formalarda öz dəstəklərini göstərdilər.
Gələcəkdə də sülhə aparan yolda, görülən istiqamətlərdə və atılan addımlarda liderlərin vətəndaş cəmiyyətinin dəstəyini görməsi baxımından bu kimi əlaqələr çox vacibdir. Gələcəyə baxış istiqamətində işlərimizi bu əsasda qururuq.
Zəngəzur dəhlizi barədə tədbir zamanı müzakirələr aparıldı. Zəngəzur dəhlizi açıldıqdan sonra bu məsələlərlə bağlı müəyyən işlərin görülməsi və digər proseslər həyata keçiriləcək. Əsasən təbliğatdan, əməkdaşlıqdan, bir tərəfin haqlı səsinin digər dövlətlər tərəfindən gündəmə gətirilməsindən söhbət gedəcək.
Əgər 8 ölkənin nümayəndəsi Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə qoşulursa, deməli, çətinliklər və ya açıldıqdan sonra yarana biləcək problemlər gündəmə gəldikdə, bu, təkcə Azərbaycanın səsi olmayacaq. Həmin 8 ölkənin və onların minlərlə təşkilatı özündə birləşdirən vətəndaş cəmiyyətlərinin də səsi olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli












