Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB? – Kimya Müəllimlərindən ŞOK İDDİA

media-hightechnic-468x90

“Digər bir ciddi məsələ isə bəzi sualların imtahandan əvvəl sızdırılması faktıdır”.

Bunu Yenicag.az-a şikayətində Masallı şəhəri 2 saylı tam orta məktəbində 12 ildir kimya müəllimi kimi fəaliyyət göstərən Qasımi Əbülqasım deyib.

O, bildirib ki, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərərək (60 bal üzərindən 53 bal) hal-hazırda çalışdığı məktəbə qəbul olunub.

“Sertifikasiya imtahanı prosesi çərçivəsində Təhsil Nazirliyi tərəfindən ilboyu müxtəlif təlimlər və webinarlar təşkil olunmuşdur. Bu tədbirlərə Elşad müəllim, Elmar İmanoğlu, Fətəli Hüseynov kimi təlimçilər cəlb olunmuşdu. Lakin bu webinarlar zamanı təqdim edilən sualların çətinlik dərəcəsi real imtahan meyarlarına uyğun deyildi. Təhsil TV-nin sosial şəbəkə hesablarında bu məsələlərlə bağlı kifayət qədər etiraz səsləndirildi. Çünki suallar bəzən qarışıq, qeyri-dəqiq, hesablama tələbi yüksək və şərtləri natamam idi.

May ayının 30-da keçirilən ilkin sınaq imtahanında da bu problemlər davam etdi. Kimya müəllimlərinin haqlı narazılığına baxmayaraq iradlar nəzərə alınmadı. İyunun 24-də keçirilən rəsmi sertifikatlaşdırma imtahanında isə vəziyyət daha da pisləşdi. İmtahanın sualları kifayət qədər çətin, riyazi və kompleks hesablamalar tələb edən xarakter daşıyırdı. Minimum 15 belə məsələ vardı ki, hər biri xeyli vaxt aparırdı. Məsələn, bir məsələni həll etmək üçün mən 15 dəqiqə vaxt sərf etdim. Bu, ümumi vaxt çatışmazlığına səbəb oldu. Nəticədə 5 sualı vaxt qıtlığı səbəbilə cavablandıra bilmədim.

Bu imtahanın düzgün və ədalətli şəkildə təşkil olunmadığı qənaətindəyik. Müəllimlərə təqdim olunan vaxt sualların çətinlik səviyyəsinə uyğun deyildi. Belə vəziyyət müəllimlərin psixoloji durumuna da mənfi təsir göstərdi.

Digər fənlərlə müqayisə apardıqda da kimya fənni üzrə 50+ nəticə göstərənlərin faiz nisbəti olduqca aşağıdır. Rəqəmlərlə ifadə etsək, kimya müəllimlərindən 50 və yuxarı bal toplayanların sayı 150 nəfər göstərilsə də ehtimal ki, bu rəqəm 300 nəfərə yaxındır. Bu da ümumi iştirakçı sayına nisbətdə təxminən 12% təşkil edir. Halbuki biologiya, fizika, coğrafiya və informatika kimi fənlərdə bu göstərici 50-60% arasında dəyişir. Nəyə görə kimya fənni üzrə bu qədər az nəticə qeydə alınıb? Bu, imtahanın qeyri-obyektiv və həddən artıq çətin tərtib olunmasından xəbər verir. Niyə hansısa müəllim özünü şagird qarşısında sınmış hesab etməlidir?

Digər bir ciddi məsələ isə bəzi sualların imtahandan əvvəl sızdırılması faktıdır. Həmin suallar hər nə qədər “önəmli” olmasa da bu hal imtahanın ümumi etibarlılığına kölgə salır. Bu sualların bəzilərində sadəcə rəqəm dəyişdirilməsi olmuşdu ki, bunu yalnız kimya üzrə mütəxəssis təyin edə bilər. Məhz buna görə məsələ barədə rəy verən şəxslər də kimya sahəsində bilikli və neytral olmalıdır.

Kimya fənninin kurikulumunda olan bəzi mövzulara aid suallar isə ümumiyyətlə yer almamışdı. Məsələn, model qurma ilə bağlı suallar nəzərdə tutulmuşdu, lakin imtahanda bu mövzuya dair sual verilməmişdi.

Elm və Təhsil Nazirliyinə müraciətdə biz kimya müəllimləri olaraq bu imtahanın ədalətsiz və qeyri-şəffaf şəkildə keçirildiyini düşündüyümüzü qeyd etmişik. Bizim əsas və yeganə tələbimiz sertifikatlaşdırma imtahanının yenidən və ədalətli şəkildə, müvafiq təhsil proqramına uyğun olaraq, şəffaf təşkil olunmasıdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600